YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan Ordusu istənilən vaxt torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir

10 milyona yaxın əhalisi olan Azərbaycan özü qaçqın və məcburi köçkün problemlərini həll edir. Avropa isə bu gün qaçqın, miqrant probleminin qarşısında acizdir.

Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Belçikanın Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. /Trend/

Görüşdə Azərbaycan-Belçika münasibətlərindən danışan Ə.Həsənov ölkələr arasında diplomatik münasibətlərin qurulmasından bu günədək əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Baş nazirin müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafındakı rolundan bəhs edib, əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: "Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, hələ heç bir nəticə əldə edilməyib. İyirmi beş il keçməsinə baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş yoxdur. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də icra edilmir".

Bu gün dünyada mövcud olan qaçqın və məcburi köçkün böhranından danışan Baş nazirin müavini vurğulayıb ki, bütün bu problemlərin kökündə dünyada baş verən ədalətsizliklər dayanır: "Dünyada insan hüquqlarından, demokratiyadan danışılır, lakin bu gün İraqda, Əfqanıstanda, Suriyada və digər ölkələrdə minlərlə günahsız insan öldürülür. Bəs onların hüquqlarını kim qorumalıdır?"

Ə.Həsənov qonaqlara Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər, idman yarışları ilə bağlı ətraflı məlumat verib: "Azərbaycandakı tolerantlıq, multikulturalizm mühiti barədə danışan komitə sədri qeyd edib ki, ölkəmizdə sinaqoqlar, məscidlər, kilsələr fəaliyyət göstərir. Bu gün Bakıda hətta erməni kilsəsi qorunub saxlanılır".

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Ə.Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: “Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Avropa bu islahatlara dəstək vermək əvəzinə bu cür ədalətsiz qərar qəbul edir. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkün problemi var. Ancaq cəmi 10 milyona yaxın əhalisi olan Azərbaycan özü bu problemləri həll edir. Avropa isə bu gün qaçqın, miqrant probleminin qarşısında acizdir”.

Aprel döyüşlərindən danışan Ə.Həsənov deyib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu gücünü göstərdi. Bir daha sübut etdi ki, istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir.

E.Özkara dünyadakı ədalətsizliklərdən, ikili standartlardan danışıb, gələcək nəsillərə əsl demokratiyanın, insan haqlarının mahiyyətinin çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bunun üçün birlikdə çalışmaq və fəaliyyət istiqamətlərini müəyyən etmək vacibdir. Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri qətliamlar barədə dünya ictimaiyyətinə dəqiq məlumatlar verilməlidir.

Görüşdə çıxış edən parlamentin üzvləri Bertin Mampaka və Zahida Manzur Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, xüsusilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıblar. Onlar Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi uğurları təqdir edib, bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi müvəffəqiyyətli siyasətin dayandığını bildiriblər.

Qonaqlar, həmçinin bu cür səfərlərin, qarşılıqlı fikir mübadilələrinin əhəmiyyətini vurğulayıblar. Onlar Azərbaycan haqqında, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə etdikləri məlumatları öz həmkarları ilə bölüşəcəklərini bildiriblər. Vurğulanıb ki, bu, münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən öyrənilməsi baxımından çox yaxşı təşəbbüsdür.