YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Avqustun 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində B.Qaşiçin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda

Serbiyanın müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, himnlər səsləndirilib.

Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cari ilin fevralında Serbiyaya rəsmi səfəri zamanı aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, hərbi əməkdaşlığın tərəflər arasında imzalanan saziş əsasında həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə danışan Z.Həsənov Azərbaycanın və Serbiyanın separatçılığa məruz qaldıqlarını xüsusi vurğulayıb.

B.Qaşiç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığa, dost və mehriban münasibətlərin mövcudluğuna toxunaraq Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib.

Sonra Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Serbiya müdafiə nazirinin Azərbaycana səfəri avqustun 13-dək davam edəcək.