YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb

Çinin paytaxtı Pekində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi “Bir kəmər - bir yol” strategiyası çərçivəsində keçirilən beynəlxalq forumda iştirak etmək üçün Pekində səfərdə olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının sədr müavini (nazir müavini) Vu Çinxay imzalayıb.

Sənədin imzalanmasından əvvəl keçirilən görüşdə R.Həsənov Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, yerli məhsulların xarici bazarlarda satışının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bu sahədə Çinlə əməkdaşlığın vacib əhəmiyyət daşıdığını qeyd edən komitə sədri məsələyə Çin tərəfinin marağını yüksək qiymətləndirib.

Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa, Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.

Sonra Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək, həmçinin Azərbaycandan Çinə qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədi daşıyır. Sənədə əsasən SMPDK Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası ilə texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı inkişaf etdirəcək, Azərbaycan məhsullarının Çin bazarına maneəsiz ixrac edilməsi məqsədilə müvafiq işlər görüləcək. Belə ki, razılaşmaya əsasən Azərbaycanla Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi də daxil olmaqla, Milli Keyfiyyət İnfrastrukturu sahələrində texniki əməkdaşlığın təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə regional və beynəlxalq orqanlar tərəfindən keçirilən layihələrdə və tədbirlərdə qarşılıqlı əməkdaşlıq, keyfiyyət infrastrukturu sahələrində biliklərin artırılması məqsədilə birgə təlim proqramları, nümayəndə heyətləri və mütəxəssislərin mübadiləsi, normativ sənədlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların kataloqlarının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı materialların və məlumatların mübadiləsi, sertifikatların qarşılıqlı tanınması üzrə əməkdaşlıq ediləcək.

Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin üzrə Baş Administrasiyası Dövlət Şurasının birbaşa rəhbərliyi altında olan milli keyfiyyət, metrologiya, əmtəə yoxlanışı, ölkəyə giriş-çıxış zamanı məhsulların sanitar-gigiyenik tələblərinə nəzarət, heyvan və bitki karantini, idxal-ixrac qida təhlükəsizliyi, sertifikasiya və akkreditasiya, standartlaşdırma, o cümlədən inzibati hüquq-mühafizə siyasətlərini yerinə yetirən geniş səlahiyyətli nazirlik statusunda dövlət qurumudur. Onun bütün ölkə üzə təqribən 300 filialı, 200-dən çox yerli ofisi, dəniz, quru və hava limanlarında mal və əmtəələrin çatdırılması mərkəzlərini əhatə edən 35 giriş-çıxış yoxlama və təftiş bürosu fəaliyyət göstərir. Administrasiya keyfiyyətin artırılması məqsədilə dövlət siyasətinin həyata keçirilməsini və tədbirlərin görülməsini təşkil edir və bütün ölkə üzrə keyfiyyətə genişmiqyaslı nəzarəti təmin edir.