YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arye Qut: Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin inkişafının mühüm əsaslarıdır

Xəbər verdiyimiz kimi, bu günlərdə Almaniyanın Auqsburq şəhərində “Heydər Əliyev - gənclik – multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universiteti tərəfindən təşkil edilmiş tədbirdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Qəyyumlar Şurasının sədri, akademik Kamal Abdullayevin, Ural Federal Universitetinin beynəlxalq regionşünaslıq kafedrasının müdiri, BBMM-in Yekaterinburq filialının direktoru, professor Aleksandr Nesterovun, Dövlət İqtisad Universitetinin dosenti, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovun, BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerberin, Dini Qumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun məruzələri dinlənilib.

Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut da çıxış edib. Onun “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir” mövzusunda maraqlı təqdimatı iştirakçılar arasında böyük əks-səda doğurub.

Ekspert qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan bir sıra başqa etnik və dini qrupların, o cümlədən zərdüştilik, xristian və yəhudi icmalarının nümayəndələri üçün də doğma evdir.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyib: “Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək yolu dövründən zəmanəmizə qədər mühüm rol oynayır. Azərbaycanda Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüquqları verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində başqa millətlərin nümayəndələri, o cümlədən ermənilərlə yanaşı, yəhudilər də olub. Qonşu Ermənistan haqqında isə bunu demək olmaz. Orada yüksək dövlət vəzifələrinə yalnız ermənilər təyin edilirdi. Azərbaycanın daha bir xüsusiyyətlərini qeyd etmək istərdim. Avropa ölkələrinin çoxundan fərqli olaraq azərbaycanlılar heç vaxt yəhudilərə xəyanət etməyiblər, yəhudilər də heç vaxt azərbaycanlılara xəyanət etməyiblər. İkinci Dünya müharibəsi illərində azərbaycanlılar bütün mümkün vasitələrlə yəhudiləri faşist soyqırımından xilas edirdilər”.

Ekspert qeyd edib ki, qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı müharibəyə və təcavüzə rəğmən, dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin həlledici amili kimi qalmaqda davam edir. Arye Qut deyib: “Hətta 25 ildən çox bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxlamaqda davam edirdi”.

Arye Qut təqdimatın gedişində xatırladıb ki, bir neçə il bundan əvvəl bütün dünya Osventsimin azad olunmasının 70 iliyini qeyd edib. O deyib: “Qeyd etmək istəyirəm ki, mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsiyəm. Beynəlxalq Holokost qurbanlarının xatirəsi günündə Bakıda keçirilən konfransda Akko şəhərinin meri Şimon Lankri ilə birlikdə mən də iştirak edirdim. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda bu konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin dəstəyi ilə təşkil edilmişdi. Konfransda mənim azərbaycanlı dostlarım və həmkarların faşist rejimi tərəfindən 6 milyon yəhudiyə qarşı törədilmiş qəddarlıqları və soyqırımını pislədiklərini bildirdilər. Həmin konfransda hiss etdim ki, azərbaycanlılar yəhudi xalqının ağrısını və iztirablarını öz ağrı və iztirabları kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi deyə bilərəm ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb”.

Mənim xalqımın faciəsi olmuş Holokost uzun müddət qapalı mövzu olub. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı və vəhşicəsinə soyqırımı aktı mənim şəxsi ağrım, şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi şəhər və kənd adları qəddarlıq və qeyri-insanilik rəmzlərinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu. Xocalı faciəsi bütün bəşəriyyətə qarşı cinayətdir. XX əsrin sonunda və XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qırılması və qətlə yetirilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların əsası olub. Nəyə görə bütün başqa problemlər bunların ətrafında yaranıb? Ona görə ki, Birinci Dünya müharibəsi illərində ermənilər Şərqi Anadoluda Osmanlı imperiyasına qarşı çıxsalar da, özlərinin “Böyük Ermənistan” haqqında çoxəsrlik arzularını reallaşdıra bilmədilər və bu arzunu Azərbaycan torpaqları hesabına həyata keçirməyi qərara aldılar. Ermənilər öz məkrli niyyətlərini gizlətmədən çoxəsrlik arzularını həyata keçirmək üçün dəhşətli cinayətləri davam etdirirdilər. Bu mifik ideyanı reallaşdırmaq məqsədilə XX əsrdə ermənilər Azərbaycanın əzəli torpaqlarında bir neçə dəfə “etnik təmizləmə” aparıblar. Beləcə süni şəkildə yaradılmış “Dağlıq Qarabağ problemi” ermənilərin səyləri ilə ən yeni tarixi mərhələyə daxil olub. Bu mərhələnin mahiyyəti Azərbaycan tarixini saxtalaşdırmaq, məqsədi isə Azərbaycanın tarixi torpaqlarını ilhaq etmək idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində daha bir soyqırımı aktı - Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədildi.

Bu bir danılmaz tarixi faktdır ki, Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış Xocalı sakinlərindən faktiki olaraq heç birinə erməni silahlı qüvvələri və muzdlu dəstələr tərəfindən rəhm edilməyib. Erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində Xocalı sakinlərindən 613 nəfəri qətlə yetirilib, 487 adam şikəst olub, 1275 dinc sakin – qocalar, uşaqlar və qadınlar əsir düşərək təsvirəgəlməz əzablara, təhqirlərə və alçaldılmağa məruz qalıb. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsi yalnız bir səbəblə bağlı idi – onlar hamısı azərbaycanlı idi. Siz mənə deyin, indiki erməni faşistləri İŞİD-in müasir qanlı terrorçularından nə ilə fərqlənirlər?”.

Qutun fikrincə, günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə bu vəhşicəsinə qəddarlığı heç nə ilə izah etmək mümkün deyil. İsrailli ekspert deyib: “Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, həmçinin Robert Koçaryan və başqaları həmin soyqırımının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Arye Qut daha sonra deyib ki, monoetnik Ermənistanda həmişə antisemitizmin yüksək səviyyədə olması müşahidə olunub və bu gün də müşahidə olunur. Ermənistandan fərqli olaraq Azərbaycanda bütün konfessiyaların və millətlərin nümayəndələrinə böyük qayğı ilə yanaşırlar. O deyib: “Mən İsrail vətəndaşı kimi minnətdarlıqla və qürurla qeyd edirəm ki, Azərbaycan rəhbərliyi bu ölkədə yaşayan bütün icmaların, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir.

Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi bu ölkədə yaşayan, dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir: “Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şərait yaradılmasını stimullaşdırmağa səy göstərir”.

İsrailli ekspert qeyd edib ki, Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb.

Ekspertin sözlərinə görə, İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir. İsrailli ekspert deyib: “Prezident İlham Əliyevin beynəlxalq arenada mühüm, güclü və müstəqil aktora çevrilən Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər. İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir. İsrail artıq 25 il Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində real və həqiqi tərəfdaş kimi Azərbaycanı dəstəklədiyini nümayiş etdirib”.

İsrailli ekspert Arye Qut “Heydər Əliyev – gənclik – multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfransın panel iclasındakı çıxışının sonunda deyib: “İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə əsaslanır. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşlar kimi dinc yanaşı yaşayıblar, bu gün də belədir, onlar ortaq tarix və ortaq tale ilə bir-birinə həmişəlik bağlıdırlar”.