YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: İslam Həmrəyliyi Oyunları üçün bütün obyektlər hazır idi

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın “lenta.ru” internet-nəşrinə müsahibəsində İslamiada ilə Olimpiada arasında fərqdən, Oyunların talismanlarından, Rusiyanın İslam Həmrəyliyi Oyunlarına qoşulmaq şanslarından və bir çox digər mətləblərdən söz açıb.

Nazir bildirib ki, İslamiada ölkəmizdə keçirilən ilk irimiqyaslı yarış deyildir. Azərbaycan birinci Avropa Oyunlarını, Şahmat Olimpiadasını, “Formula-1” turnirinin hər il keçirilən mərhələ yarışlarını qəbul etməklə, həm Avropanın, həm də müsəlman Şərqinin idman yarışlarını eyni müvəffəqiyyətlə keçirən multikultural mərkəz statusu qazanıb. Azərbaycan özünü dünyaya bu şəkildə nümayiş etdirir.

İslam Həmrəyliyi Oyunlarının dördüncü dəfə keçirildiyini vurğulayan nazir deyib: “Bu, bizim üçün böyük təcrübədir, gözəl dostluq və sülh festivalıdır. Bu, bizim üçün mümkün qədər daha çox gəncimizi idmana cəlb etmək imkanıdır. Əlbəttə, mükafatlandırma mərasimlərində Azərbaycan bayrağının qaldırılması, ölkəmizin himninin səslənməsi də bizim üçün çox əhəmiyyətlidir. İndoneziyanın Palembanqe şəhərində keçirilən əvvəlki Oyunlarda 24 medal qazanmışıq: yeddi qızıl, səkkiz gümüş və doqquz bürünc. Ümidvarıq ki, ölkəmizdə keçirilən Oyunlarda idmançılarımızın qələbələri çoxalacaq”.

A.Rəhimovun sözlərinə görə, idmanın bəzi növlərində paraolimpiyaçıların yarışlarının keçirilməsi 2017-ci il İslamiadasının fərqləndirici xüsusiyyətidir. Həmin idman növləri Avropa Oyunlarında olduğu kimi, cüdo və yüngül atletika olacaq. Karate turniri mütəxəssislərdə xüsusi maraq oyadıb. Məlumdur ki, idmanın bu növü Yay Olimpiya Oyunlarının proqramına lap bu yaxınlarda daxil edilib və yalnız dörd il sonra Tokioda debüt edəcək. Bakı Oyunları bir çox komandalar üçün qarşıdan gələn Olimpiadaya əhəmiyyətli hazırlıq mərhələsidir. İdman həvəskarları zorxana yarışlarına da biganə qalmayacaqlar. Zorxana Yaxın və Orta Şərq ölkələrində çox populyar idman növüdür, hələ orta əsrlərdə geniş yayılmış şəhər idman klublarının ümumi adıdır. Belə klublarda güləşçi pəhləvanlar güclərini sınayırdılar.

Azərbaycan naziri Oyunların talismanları - Qarabağ atları “İncə” və “Cəsur” barədə suala cavabında vurğulayıb ki, Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. O deyib: “Qarabağ xalqımızın mənəviyyatının, onun tarixinin və ənənələrinin, o cümlədən xalçaçılıq və atçılıq ənənələrinin rəmzidir. Bütün bunlar İslam Həmrəyliyi Oyunlarının loqotipində və talismanlarında təcəssüm olunub. Sülh və gözəllik mücəssəməsi “İncə” və yenilməz qələbə əzminin təcəssümü “Cəsur” Azərbaycan və ingilis dizaynerlərinin birgə işinin bəhrəsidir!”.

Nazirin sözlərinə görə, İslam Həmrəyliyi Oyunları üçün heç bir obyekt tikmək lazım gəlməyib, çünki bütün obyektlər vardı və çox gözəl vəziyyətdə idi. Yarışlar birinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş modernləşdirilmiş idman arenalarında keçirilir. Ən əhəmiyyətli idman qurğuları Olimpiya Stadionu, Gimnastika Arenası, Su İdman Oyunları Sarayı, Bakı Tennis Akademiyası, Ağır Atletika Mərkəzi, “Dalğa Arena”, “Baksel Arena” stadionları və digər qurğulardır. A.Rəhimov deyib: “Ölkədə keçirilən müxtəlif idman yarışlarının yerinə yetirdiyi təbliğat missiyası da qeyd olunmalıdır. Bu, həm sağlam həyat tərzi, həm də getdikcə daha çox insanın idmana cəlb olunması deməkdir. Sıravi bakılılar şəhərin müxtəlif hissələrində inşa edilmiş şahmat meydançalarına toplaşaraq oynayırlar. On minlərlə vətəndaşımızda gimnastika, üzgüçülük, akademik avarçəkmə və başqa idman növləri ilə məşğul olmaq istəyi yaranıb. Biz müxtəlif aksiyalar da keçiririk. Məsələn, İslam Həmrəyliyi Oyunlarına hazırlıq dövründə bir sıra tədbirlər keçirilib”.

A.Rəhimov vurğulayıb ki, yarışların öz idman və ulduz səfirləri var. Onlar Oyunların həmrəylik, sülh, dəyərlər və mükəmməllik haqqında mesajının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar, həmçinin milyonlarla gənc azərbaycanlının kumirinə çevrilirlər. Ulduz səfirlər arasında müğənni Tünzalə Ağayevanın, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun, xeyriyyəçi teleaparıcı Hacı Nuranın və “Muğam müsabiqəsi-2011”in qalibi Mirələm Mirələmovun adlarını çəkə bilərəm. Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks) və bir çox digərləri idman səfirləridir.

Nazir deyib: “Belə yarışlar keçirmək bizim üçün turizmi inkişaf etdirmək imkanıdır. Ölkəmizə Rusiyadan, Avropa ölkələrindən, İraq, Misir və hətta Əfqanıstan kimi Orta və Yaxın Şərq ölkələrindən turistlər gəlirlər”. Nazir İslam Həmrəyliyi Oyunlarının Olimpiya Oyunlarından fərqi barədə suala aydınlıq gətirərək deyib ki, bu Oyunlar təsnifat məsələlərindən tutmuş idman növlərinin və iştirak edən atletlərin sayınadək tamamilə fərqli formatdadır. O deyib: “Bunlar tamamilə fərqli oyunlardır. Bizim başlıca məqsədimiz növbəti kompleks idman tədbirini bir çox cəhətdən Olimpiya Oyunlarına bənzəyən müvafiq şəraitdə keçirməkdir. Bundan əlavə, bu, gələcək yarışlarda iştirak üçün misilsiz təcrübədir. Yarışların təəssüratının özü idmançıların hər hansı digər startda hiss etdiklərindən xeyli fərqlənir”.

Azərbaycanda könüllülər hərəkatından danışan nazir deyib: “Könüllülərin təşkili məsələləri ilə məşğul olan birinci qeyri-hökumət təşkilatının yaradılmasından 20 ildən çox vaxt keçir. Amma könüllülər hərəkatında inqilab birinci Avropa Oyunları zamanı baş verib. Onda, o cümlədən Rusiyadan 18 min gənc oğlan və qız cəlb edilib. Bu hərəkat ölkəmizdə digər idman tədbirlərinin keçirilməsinə də kömək edib. Təsəvvür edin ki, elan verən kimi 10 mindən çox müraciət almışıq. İslam Həmrəyliyi Oyunları üçün könüllülərin himni yazılıb. “Salam, Bakı” adlı mahnı bu qəbildən ilk mahnıdır. Onun sözlərini Oyunların Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, musiqisini ulduz səfir Tünzalə Ağayeva yazıb. Mahnı pop janrında yazılsa da, ifasında tar və qaval kimi musiqi alətlərimizdən istifadə olunub. Biz tədbirdən tədbirə könüllülərlə əlaqə saxlayırıq”.

Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi ölkə olduğunu qeyd edən A.Rəhimov deyib: “Əminəm ki, Bakıda birinci Avropa Oyunlarına olduğu kimi, bu Oyunlara da dəvət alması üçün ölkənizin sadəcə İslam Həmrəyliyi Oyunlarına müraciət etməsi kifayətdir”.