YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn taekvandoçulara medalları təqdim edib

Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının ikinci günündə Azərbaycan idmançıları dörd qızıl və bir gümüş medal qazanıblar.

Qızıl medalları Azərbaycanın aktivinə Patimat Abakarova, Ayxan Tağızadə, Milad Beigi Hərçəqani və Radik İsayev yazdırıblar. Gümüş medala isə Fəridə Əzizova layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.

Bakı İdman Sarayında kişilər arasında 68, 80 kiloqram və 87 kiloqramdan yuxarı, qadınların mübarizəsində 49, 67, 73 kiloqram çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar. Azərbaycanın beş idmançısı medallar uğrunda mübarizə aparıb.

Qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) final görüşündə qazaxıstanlı Aynur Yesbergenovanı 14:4 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bürünc medalları isə İran təmsilçisi Şalmei Sudabe Poursadiqi və türkiyəli Çidem İpek qazanıblar.

Kişi taekvandoçuların yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə final görüşündə iranlı Seyedhossein Ehsanipetroudi üzərində 9:8 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medalları isə Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvallad və indoneziyalı Dinqo Prayoqo əldə ediblər.

Digər taekvandoçumuz Milad Beigi Hərçəqani (80 kq) finalda türkiyəli Yunus Sarı ilə qarşılaşıb. Həlledici görüşdə 9:5 hesabı ilə qalib gələn idmançımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bürünc medalları isə iranlı Əlireza Dərvişpur və özbəkistanlı Maksim Rafaloviç qazanıblar.

Azərbaycan taekvandoçusu Radik İsayev (+87 kq) isə final görüşündə özbəkistanlı Dmitri Şokin ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda rəqibini “qızıl xal”la məğlubiyyətə uğradan R.İsayev IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəki dərəcəsində bürünc medalları iordaniyalı Hamza Kattan və iranlı Hossein Qorbanzadə aktivlərinə yazıblar.

Yarışlarda 80 və +87 kiloqram çəki dərəcələrində çempion olan Milad Beigi Hərçəqaniyə və Radik İsayevə, həmçinin fəxri kürsüdə yer alan digər idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Qalib idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Taekvandoçumuz Fəridə Əzizova isə İslamiadanın gümüş medalı ilə kifayətlənməli olub. O, finalda türkiyəli Nur Tatara 2:8 hesabı ilə məğlub olaraq gümüş medalla mükafatlandırılıb. Bu çəki dərəcəsində bürünc medalları özbəkistanlı Niqora Tursunkulova və iordaniyalı Julyana Əl Sadiq qazanıblar.

Xatırladaq ki, taekvando yarışlarının ilk günündə - mayın 16-da 57 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz Yaprak Eriş qızıl, Qaşım Maqomedov (-54 kq) isə gümüş medal qazanıblar.

DİGƏR Xəbərlər Arxiv