YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Feyziyev: Azərbaycan ilk ölkədir ki, İslam həmrəyliyini siyasi akt səviyyəsinə yüksəldir

«Azərbaycan təkcə İslam həmrəyliyi ideyalarının doğulduğu məkan deyildir. Eyni zamanda, bu ideyaların reallığa çevrildiyi, islam dünyasının qarşılaşdığı əsas çağırışların həllinə yönəlmiş ən yüksək səviyyəli müzakirələrin aparıldığı əhəmiyyətli geopolitik məkandır. Xalqımızın milli-mənəvi sərvəti olan tolerantlıq, sülh ideyalarına sadiqlik, multikultural dəyərlər həm də dövlət siyasətimizin tərkib hissəsinə çevrilmişdir». Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, İslam dünyasında həmrəylik platformasının, qarşılıqlı inama əsaslanan münasibətlərin qurulması mövcud əməkdaşlıq mühitini daha da genişləndirməli, onun yeni istiqamətlərini açmalıdır. Onun sözlərinə görə, bunun üçün İslam həmrəyliyi ideyalarının bütün İslam coğrafiyasında yayılmasını təşviq edən əhatəli və sistemli tədbirlərin həyata keçirilməsi zəruridir.

«Geniş kütlələrin marağına səbəb olan, daha böyük miqyasda islam dünyasını bir araya toplayan idman tədbirlərinin təşkili bu istiqamətdə atılan önəmli addımlardan biridir. 1981-ci ildə İƏT-in III sammitində qəbul olunmuş yekdil qərara əsasən İslam Həmrəylik Oyunları Federasiyası təsis edilmiş və o zamandan etibarən hər dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları beynəlxalq miqyasda əlamətdar idman hadisələrindən birinə çevrilmişdir. Bütün bu tarixi və müasir reallıqların nəzərə alınması kontekstində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı və bu istiqamətdə geniş fəaliyyətə başlanılması – mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir. Ölkə başçısı tərəfindən irəli sürülən bu təşəbbüs, doğrudan da, islam dünyasında indiyə qədər presedenti olmayan yeni ənənənin əsasını qoyur. Belə ki, islam coğrafiyasında yerləşən ölkələr arasında Azərbaycan ilk ölkədir ki, islam həmrəyliyini siyasi akt səviyyəsinə yüksəldir və bütün ili həmin ideyaların təbliğinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsinə həsr edir. Bu baxımdan, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş islam həmrəyliyi təşəbbüsü müsəlman dünyasının bu gün qarşılaşdığı problemlərin köklü şəkildə həlli, mövcud konfliktlərin dialoq platformasında çözümü istiqamətində də konstruktiv fəaliyyətlərə təkan verəcəkdir. “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən kompleks tədbirlər İslam dininin sülh və mərhəmət dini olduğunu göstərməklə yanaşı, islam coğrafiyasında genişmiqyaslı humanitar əməkdaşlığın da yeni perspektivlərini açır»- deyə, C.Feyziyev vurğulayıb.