YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May - Respublika Günü və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 25 illiyi Tokioda qeyd edilib

Azərbaycan Respublikasının milli bayramı 28 May – Respublika Günü və Azərbaycan–Yaponiya diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən Tokioda rəsmi qəbul təşkil edilib.

Qəbulda Yaponiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri yapon müğənni Yamamoto Kyoko tərəfindən canlı olaraq ifa edilib.

Tədbiri açan səfir Gürsel İsmayılzadə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışıb. Səfir müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verən səfir iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə danışıb.

Səfir Azərbaycan ərazisinin iyirmi faizinin Ermənistan tərəfindən işğal olunmasına və bunun nəticəsində bir milyon həmvətənimizin qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, ölkə iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu və son 10 ildə 4 dəfə artdığını bildirib.

Sonra səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, o cümlədən, F-1 Avropa Qran-Prisi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışların yüksək səviyyədə təşkili və bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əhəmiyyətli töhfələri haqqında qəbul iştirakçılarına məlumat verib.

2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan səfir bununla bağlı qarşılıqlı mötəbər tədbirlərin, səfərlərin planlaşdırıldığını qeyd edib. İki ölkə arasında münasibətlər, iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahəsində əməkdaşlıq haqqında söhbət açan diplomat son illər Azərbaycan və Yaponiya arasında regionlararası əməkdaşlığın genişləndiyini və bunun ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Yaponiya tərəfdən rəhbəri Akira Amari Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yarandığını xatırladan sədr bu gün iki ölkə arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.

A.Amari 2015-ci ildə Azərbaycana Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri qismində son səfərini xatırladaraq, həmin vaxt Prezident İlham Əliyev tərəfindən qəbul olunmaq şərəfinə nail olduğunu qeyd edib. Cari ildə Azərbaycan -Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən A.Amari bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, xüsusən də Yaponiyanın Baş naziri Şinzo Abenin Azərbaycana səfəri gündəmdədir.

İki ölkə arasında münasibətlərin hərtərəfli inkişaf etdiyini vurğulayan A.Amari gələcəkdə də bunun üçün dəstək verəcəyini vəd edib.