YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərləri özündə birləşdirib

«Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Azərbaycanın şərəf və ləyaqət tarixidir. O vaxt tarix məsələni belə qoymuşdu: Ya ayağa qalxıb bir millət kimi öz varlığını təsdiq etmək və dünya dövlətləri sırasına qoşulmaq, ya da çəkilib kənarda durub Azərbaycanın bölüşdürülməsinə şahidlik etmək. Birinci yol millətin xilas yolu idi. İkinci yol isə millətin məhv olmasına gedən yolun başlanğıcı idi». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar birinci yolu seçdilər. Onlar Azərbaycan xalqının milli istiqlalı yolunda ayağa qalxdılar, dövlətçiliyi yaratdılar. Azərbaycan dövlətinin demokratik cümhuriyyət kimi fəaliyyət göstərməsi yolunu seçdilər.

«Bu yolla onlar Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdilər. Həmin vaxt Azərbaycan yüz ildən artıq idi ki, Çar Rusiyasının müstəmləkəsi altında idi. Özü də Azərbaycan Rusiyanın tabeçiliyinə vahid dövlət kimi deyil, ayrı-ayrı xanlıqlar kimi daxil olmuşdu. Buna baxmayaraq, müstəmləkə illərində Azərbaycan Rusiyanın «mədəsində» ərimədi. Əksinə, bu illər ərzində bütövləşdi. Həmin vaxt Xalq Cümhuriyyətinin qurucuları birdən-birə ciddi bir baza olmadan Azərbaycan dövlətinin yaradıldığını elan etdilər. Özü də müsəlman, şərq və türk dünyasında ilk dəfə olaraq demokratik dəyərlərə üz tutdular. Məhz bu dövlətin 23 aylıq fəaliyyəti dövründə millət üçün böyük işlər görüldü. Mən deyərdim ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti ərzində 23 ilə sığacaq işlər gördü»- deyə, F.İbrahimli qeyd edib.