YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Struktur dəyişiklikləri çoxşaxəli reformaların çevik və optimal şəkildə reallaşdırılmasına xidmət edir

“Azərbaycan Respublikası Prezidenti Administrasiyasında struktur dəyişikliklərinin aparılması Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən çoxşaxəli reformaların çevik və optimal şəkildə reallaşdırılmasına xidmət edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda həm qanunvericilik, həm də idarəçilik sahəsində təkmilləşmələr davamlı olaraq aparılmaqdadır: “Bilirsiniz ki, Azərbaycan qlobal transformasiya dövrünü yaşayan dünyanın əhəmiyyətli bir parçasıdır. Məhz, geosiyasi və geoiqtisadi proseslər kontekstindən baxdıqda, Azərbaycan kimi milli dövlətlər dünyadakı proses və çağırışlara adekvat cavab verməsi, maraqlarını və inkişafını təmin etməsi üçün ardıcıl təkmilləşmələrə ehtiyac duyur. Təsadüfi deyil ki, Azərbaycanda davamlı və stabil inkişafı təmin etmək üçün 3 dəfə Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Eyni zamanda, dövrün tələblərinə və vətəndaşların mənafeyinə uyğun olaraq qanunverilik bazasına da mütəmadi dəyişikliklər edilir. Bu dəyişikliklər də özünü heç şübhəsiz idarəçilik sistemində də göstərir”.

“Xüsusilə də nəzərə almaq lazımdır ki, bu gün dünyada davam edən böhranlı vəziyyətdən yan keçmək istəyən milli dövlətlər mütləq şəkildə təkmilləşmələrə yol açmalıdır” – deyə vurğulayan Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin zamanında effektiv addımlar atması və total islahatlara start verməsi ölkəmizi və xalqımızı böyük ziyanlardan uzaq tutdu: “Məhz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında struktur dəyişikliklərinin aparılması da söylədiyimiz məsələlər kontekstində qiymətləndirilməlidir. Düşünürəm ki, bu dəyişikliklər cənab Prezident İlham Əliyevin ölkəmizi qüdrətli, inkişaf etmiş dövlətə çevrilməsinə hesablanmış siyasətinin uğurla, çevik və dövrün çağırışlarına uyğun şəkildə həyata keçirilməsinə əsas yaradacaq”.