YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Bu günkü güclü, qüdrətli, inkişaf edən Azərbaycan dövlətinin əsası məhz 15 iyun tarixində qoyulub

"Heç də təsadüfi deyil ki, 15 iyun tarixi müasir dövlətçilik tariximizə xalqımızın, dövlətçiliyimizin xilas tarixi kimi yazılıb. Müstəqilliyimizin ilk illərində baş verən hadisələri bir daha yada salsaq, onda Qurtuluş Gününün əhəməyyətini daha yaxşı dərk edərik". Bu fikirləri  Milli Məclisi deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. O, bildirib ki, Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. 

Millət vəkili deyib ki, Azərbaycanın müasir tarixində milli öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində çox böyük işlər görüb və buna görə də Onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz: "Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin eedib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri, gərgin zəhməti və yorulmaz fəaliyyəti ilə yaradıb, onun müstəqilliyini qoruyub, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib".

Sahibə Qafarovanın fikrincə, Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri yaradılmış zəngin baza əsasında müvəffəqiyyətlə icra edə biləcək, xalqın dəstək verdiyi uğurlu lideri yetişdirmək olub: "Bu mənada 2003-cü ildən sonrakı 13 il ərzində müstəqil Azərbaycan dövlətinin qət etdiyi inkişaf yolu bu seçimin nə qədər tarixi əhəmiyyətə malik olduğunu bir daha əyani sübuta yetirir. Və əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Bu gün Prezident İlham Əliyevin adı ölkəmizin qazandığı böyük uğurlarla assosiasiya olunur. Bütün sahələrdə əldə olunmuş genişmiqyaslı nailiyyətlər məhz Prezident İlham Əliyevin qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticələridir. Və bu gün bizlər Azərbaycanın inkişafını, dünya dövlətləri arasında necə böyük hörmət və nüfuz sahibinə çevrildiyini, bütün dünya xalqlarının taleyinə təsir edən qlobal layihələrə imza atdığını görüncə bir daha 15 İyun tarixində gerçəkləşmiş möhtəşəm dönüşün, Milli Qurtuluşun mahiyyətini daha yaxşı dərk edirik. Əgər o dönüş gerçəkləşməsəydi, xalqımızın təkid və tələbi ilə Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, bu gün bu uğurlardan danışmaq mümkün olmazdı. Bu günkü güclü, qüdrətli, inkişaf edən Azərbaycan dövlətinin əsası məhz 15 iyun tarixində qoyulub".