YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti dini qurumlara maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev iyunun 20-də Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanıb və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr verib. Onun, eyni zamanda, İslam dininin yayılması və Müsəlman İntibahının bərqərar olmasında özünəməxsus yeri var. Ölkəmizdə ötən “Multikulturalizm İli”nin davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin günümüzdəki rəmzi ifadəsidir.

Müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modeli və müxtəlif konfessiyalar arasında mövcud ahəngdarlıq müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, sivilizasiyalararası dialoqda bir sıra problemlərin meydana çıxdığı və milli, dini zəmində münaqişələrin artma tendensiyasının müşahidə olunduğu hazırkı dövrdə multikultural dəyərlərin təbliği baxımından nümunə təşkil edir.

Sərəncama əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb.