YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfəri ötdü

Məlum olduğu kimi bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Bu il partiyamız üçün digər mühüm bir əlamətdar hadisə isə ondan ibarətdir ki,  YAP üzvlərinin sayı artıq 700 min nəfəri ötüb. 25 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir.

Ümumiyyətlə, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

YAP-ın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindən,  ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Xüsusilə vurğulamalyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və  güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Bu gün YAP-ın sıralarında 700 min insanın birləşməsinin ciddi əsasları var. Bu o deməkdir ki, xalqımız Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirir və  Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir. Ümumiyyətlə, statistikaya nəzər salsaq deyə bilərik ki, partiyamızın sıraları kəmiyyət və keyfiyyət baxımından yüksələn xətlə inkişaf edir. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi.

Yeni Azərbaycan Partiyası 2008-ci ilin avqustun 2-də özünün IV Qurultayında kəmiyyət və keyfiyyət baxımından daha da güclü siyasi qüvvə kimi çıxış etdi. Belə ki, bu qrultay ərəfəsində artıq partiya üzvlərinin sayı 450 min nəfərə yüksəlmişdi. Daha sonra qısa müddət ərzində YAP üzvlərinin sayı 500 min və 600 min nəfərə qədər yüksəldi.

Bu gün isə partiyamızın üzvlərinin 700 min nəfəri ötməsi bir daha Yeni Azərbaycan Partiyasının gücünün və qüdrətinin parlaq ifadəsidir. Beləliklə, 25 il ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.