YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.

Diqqətə çatdırıldı ki, iki hərəkət zolaqlı yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yol üzərində suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yerinin dəyişdirilməsi də yekunlaşdırılıb. Yol üzərində biraşırımlı dəmir-beton körpü və Süzgəncçay üzərində uzunluğu 46 metr olan ikiaşırımlı dəmir-beton körpü inşa edilib, dəmir-beton suötürücü boruların da quraşdırılması başa çatdırılıb. Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması nəzərdə tutulub.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, əhatə dairəsinə, xüsusilə Qax və Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsinə nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək, həmçinin Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.