YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev qonağı salamlayaraq Türkmənistanın Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi və bildirdi ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq: “Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir.

Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha “Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır. Bir daha xoş gəlmisiniz”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirərək qeyd etmişdir ki, rəsmi səfərin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib: “Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir.

Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər”.

Söhbət zamanı dost, qardaş, qonşu dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulandı, bu istiqamətdə imzalanacaq sənədlərin əhəmiyyəti qeyd edildi.