YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan nümayişkaranə şəkildə beynəlxalq hüquqa məhəl qoymur

«Ermənistan hərbi qüvvələrinin terrorçu hərəkətləri, xüsusilə, Alxanlı kəndində törədilmiş hərbi cinayəti dünyada böyük əks-sədaya səbəb oldu. Azərbaycanın haqq işi dünyada geniş dəstək aldı. Ermənistanın barbar davranışı beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılandı. Bütün bunlar danılmaz həqiqətdir. Lakin başqa bir həqiqət də ondan ibarətdir ki, Ermənistanın terrorçu hərbi birləşmələri bütün bu beynəlxalq təzyiqlərə baxmayaraq, yenidən dinc əhalini hədəfə almaqda davam edir və Tovuzda baş verən hadisə erməni  vandalizminin növbəti təsdiqidir». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, “cırtdan” dövlət olan Ermənistan heç bir zaman təkbaşına beynəlxalq hüquqa qarşı belə saymazyana davranış nümayiş etdirə bilməzdi. Lakin fakt faktlığında qalır ki, bu belədir. Ermənistan nümayişkaranə şəkildə beynəlxalq hüquqa məhəl qoymur.

«Bəs səbəb nədir? Bu sualın da cavabını möhtərəm Prezident İlham Əliyev geniş ictimaiyyətə açıqlayaraq bildirmişdir ki, biri Ermənistana pul verir, biri silah verir, biri onun təbliğatı ilə məşğuldur, bir başqası isə ona lobbiçilik fəaliyyəti göstərir.

Bu reallıq fonunda Ermənistanda formalaşmış arxayınçılıq və cəzasızlıq sindromu daha da möhkəmlənir. Tarix şahidlik edir ki, cəzasızlıq rejimi cinayətkarı daha ağır cinayətlərə sövq edən ən ciddi səbəbdir. Deməli, yuxarıda söylədiyimiz fikirlərdən bu qənaət hasil olur ki, münaqişənin həlli prosesinin dalana dirənməsinə, Ermənistan silahlı qüvvələrinin mülki əhalini, xüsusilə də uşaqları  hədəfə almasına görə birbaşa məsuliyyət İrəvanda əyləşən siyasi-hərbi xunta rejiminin üzərinə düşür. Eyni zamanda, bu cinayətkar rejimin hərəkətlərinə qarşı adekvat təsir və təzyiq mexanizmlərini tətbiq etməyən beynəlxalq birlik, beynəlxalq ictimaiyyət və xüsusilə də missiyası bu münaqişəni həll etmək olan ATƏT-in Minsk qrupu konkret məsuliyyət daşıyır»- deyə, E.Nəsirov vurğulayıb.