YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Minsk qrupu münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməyib

«ATƏT-in Minsk qrupu heç də münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməyib. Faktların müqayisəsi və təhlili göstərir ki, əslində, bu qurumun fəaliyyəti münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlib». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Minsk qrupu bu fəaliyyəti ilə də məlum “aprel döyüşləri”nədək öyünürdü. Guya onların fəaliyyəti olmasaydı, münaqişə çoxdan müharibəyə çevrilərdi. Əslində, müharibə davam etməkdə idi, sadəcə onun aktiv hərbi fazasında atəşkəs mövcud idi. Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması,  ötən il aprel ayının əvvəlində geniş hərbi insident törətməsi müharibənin istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır.

«Ermənistan da eyni müvəffəqiyyətlə  həmin israrları  davamlı olaraq qulaqardına vurmaqdadır. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan “fəaliyyəti”nin də bu ilin mart ayında “25 yaşı” tamam oldu. Ermənistan ordusunun yeni hərbi cinayətləri fonunda  Minsk qrupunun iki yolu vardır. Ya ATƏT-in Minsk qrupu indiyədək davam etdirdiyi passiv vasitəçilik missiyasından imtina edib, münaqişənin həlli ilə bağlı yaranmış yeni şəraiti düzgün qiymətləndirərək fəal tənzimlənmə hərəkətlərinə keçməlidir və bu prosesə ilkin olaraq özündə islahatlarla başlamalıdır, ya da uğursuzluğunu etiraf edib, özünü buraxmalıdır. Zənnimizcə, 25 illik fəaliyyətindən (fəaliyyətsizliyindən) sonra ATƏT-in Minsk qrupunun  yuxarıda göstərdiyimiz hər hansı yolu seçməsindən asılı olmayaraq, qətiyyət göstərməsinin vaxtı gəlib çatıb»- deyə, deputat qeyd edib.