YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artur Rasi-zadə: Münaqişənin həlli yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür

Sentyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildiriblər ki, son illər sürətlə inkişaf edən Azərbaycanda iqtisadi durum barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə xüsusən sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrində əldə olunan uğurlardan danışdı. Ölkə əhalisinin sosial problemlərinin həlli ilə yanaşı, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynadığına diqqət yönəldən Baş nazir Avropa İttifaqının bütün müvafiq qurumları ilə, o cümlədən ATƏT-lə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verildiyini vurğuladı. Beynəlxalq və regional təhlükəsizlik barədə söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılaraq real addımlar atılmasının zəruriliyini nəzərə çatdıran Baş nazir ümumən regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinin ATƏT tərəfindən nəzərə alınmasının vacibliyini söylədi. Artur Rasi-zadə bir daha bəyan etdi ki, münaqişənin həlli yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.

ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ölkəmizin Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Dağlıq Qarabağ probleminin həllinin yubanmasından narahatlıq ifadə edən qonaq, eyni zamanda, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyinə dair Baş nazirin fikirlərinə şərikliyini ifadə etdi. Xanım Kristin Muttonen ATƏT-in Azərbaycanla əlaqələrinin bundan sonra daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi oldu.