YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edir

Çin Xalq Respublikasının Çenqdu şəhərində BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının 22-ci sessiyası işə başlayıb. Sentyabrın 17-dək davam edəcək Baş Assambleyanın 22-ci sessiyası ilə yanaşı, DTT-nin Avropa, Asiya, Amerika, Afrika regional komissiyalarının toplantıları, İcraiyyə Şurasının 106 və 107-ci sessiyaları, bir sıra komitələrin görüşləri, Turizm Etikası üzrə Konvensiyanın işçi qrupunun iclası və bir sıra digər tədbirlər keçirilir.

Tədbirdə Azərbaycanı nümayəndə heyətinin rəhbəri, DTT-nin İcraiyyə Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin İspaniyadakı səfiri, DTT yanında daimi nümayəndəsi, səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Nazirlikdən bildirilib ki, sentyabrın 11-də Azərbaycan nümayəndə heyəti DTT Avropa Regional Komissiyasının iclasında iştirak edib. Azərbaycanın DTT-nin İcraiyyə Şurasında üzvlük müddətinin başa çatmasını nəzərə alaraq ölkəmiz öz namizədliyini növbəti dövr üçün (2017-2020) yenidən təqdim edib. Əbülfəs Qarayev komissiyanın iclasında son illərdə ölkəmizdə dövlət başçısının dəstəyi ilə turizm sahəsində aparılmış islahatlar, Azərbaycanın İcraiyyə Şurasının fəaliyyətinə töhfələri və bunun sayəsində 2017-ci ildə şuraya sədrlik etməsi barədə çıxış edib.

Bu gün DTT-nin Turizm Etikası üzrə Konvensiyasının hazırlanması məqsədilə yaradılmış işçi qrupunun dördüncü – son iclası öz işinə başlayıb. Tədbirdə DTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də DTT-yə üzv ölkələrin 50-yə yaxın nümayəndəsi iştirak edir.