YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir təşkil olunub

Sentyabrın 13-də Azərbaycanda Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99-cu ildönümü münasibətilə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə birliyin sədri Emin Həsənli 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. Səfir deyib: “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Osmanlı dövlətinin 1918-ci ildə ən cəsur əsgərlərini toplayıb Azərbaycana göndərməsində əsas səbəb nədirsə, bu gün də iki ölkə arasında qardaşlıq münasibətlərimizi bu səviyyədə saxlayan səbəb budur. Dünyada belə sıx dostluğa malik olan az ölkə var. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili, soyu bir olan millətik. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü də Türkiyənindir. Bu, 1918-ci ildə də belədir, həmişə də belə olacaq. Türkiyə Azərbaycanı yanında gördükcə, özünü daha güclü hiss edir. Azərbaycanın müstəqilliyini qazandığı 26 il ərzində hər iki ölkə arasında çox böyük məsafə qət edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələrində bir yerdə olmağımızın və bir-birimizə olan inamın göstəricisidir. Atatürk Mərkəzində bir araya gəlməyimiz də məhz 1918-ci ildəki şəhidlərimizin hesabınadır. Onlara Allahdan rəhmət diləyirik. Bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyevə, Prezident İlham Əliyevə təşəkkür edirik”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanla Anadolunun düşməni eynidir: “15 sentyabr hadisələrinə görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. İki qardaş ölkə arasında dostluq, qardaşlıq münasibətlərini ayrı salmaq üçün edilən bütün cəhdlər baş tutmayacaq”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu hər bir ölkənin tarixinin ondan ibrət dərsi almaq üçün öyrənilməli olduğunu vurğulayıb. O deyib: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin mühüm rolu var. Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları erməni-bolşevik qırğınından xilas etmiş oldu. Bu hadisə bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər, ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.

Daha sonra tədbirdə çıxış edən natiqlər 15 sentyabr tarixinin iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəyə gəlib çatmasında mühüm rolu olduğunu qeyd ediblər.