YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uong Chu Luu: Azərbaycan-Vyetnam münasibətləri dərin tarixi köklərə malikdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnamda bu ölkənin Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərindən və qarşılıqlı səfərlərin intensivləşdirilməsindən məmnunluq ifadə edilib.

Uong Chu Luu müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətli inkişafına, habelə Bakı şəhərinin gözəlliyinə heyran olduğunu, ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Uong Chu Luu təhsil sahəsində uğurlu əməkdaşlığı yada salaraq, özü də daxil olmaqla, minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil almasını xüsusi vurğulayıb.

Nazir Elmar Məmmədyarov ümidvar olduğunu ifadə edib ki, tezliklə Vyetnamın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verə bilər. Əməkdaşlığın bütün sahələrdə inkişafı üçün geniş potensial var və sovet dövründə əsası qoyulmuş münasibətlərin dərinləşdirilməsi hər iki tərəfin maraqlarına xidmət edir.

Elmar Məmmədyarov ikitərəfli münasibətlərin dərinləşdirilməsində 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Görüşdə 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının sammiti ilə əlaqədar yüksək səviyyəli Vyetnam nümayəndə heyətinin ölkəmizə səfər etməsi üçün əlavə imkan olduğu qeyd edilib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barədə məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb.

Nazir, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional nəqliyyat layihələri barədə danışıb və Vyetnam şirkətlərini bu layihələrin imkanlarından faydalanmağa çağırıb.