YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak ediblər

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Dövlətimizin başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.

Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdülər, onları Bilik günü münasibətilə təbrik etdilər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

İyirmi nömrəli məktəb-liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.