YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa əsas yaradır

«Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi bazis fundamental xarakter daşıdığına görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək mümkündür». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda əsaslı nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edir.

«Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa əsas yaradır. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da dünya miqyasında mühüm göstəricidir. 2004-cü ildən bəri respublikamız investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrilib. 2004-cü ildən bəri 70 mindən çox yeni müəssisənin yaradılması və təxminən 1,6 milyondan çox yeni iş yerinin açılması respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Bir sözlə, dünya miqyasında ortaya çıxan neqativ tendensiyaların ölkəmizə təsiri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində minimuma endirilib, iqtisadiyyatın dayanıqlılığı formalaşıb, yeni iqtisadi hədəflərin reallaşması üçün əlverişli zəmin yaranıb»- deyə, komitə sədri vurğulayıb.