YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir

“Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir”. Bu fikri yap.org.az saytına Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, proqramın əsas hədəfləri gənclərin təhsili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi, onların asudə vaxtının təşkili, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır: “Bu proqram imkan verəcək ki, azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsinə, onların vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin daha səmərəli şəkildə aşılanmasına təkan verəcək. Eyni zamanda, bacarıqlı gənclərin müasir dövrün tələblərinə uyğun peşələrə yiyələnməsinə, onların məşğulluq probleminin həllinə, eyni zamanda sahibkarlıq və yaradıcılıq fəaliyyətinin genişlənməsinə müsbət təsir edəcək. Bütün bunlara nail olmaq üçün onların təhsil, elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi, həmçinin, asudə vaxtlarının səmərəli təşkil edilməsi çox vacibdir ki, bu məsələ də proqramda xüsusi qeyd edilir. Azərbaycan cəmiyyətinə savadlı və ziyalı gənc təbəqəsi formalaşması mühüm amildir və bu məsələ dövlət tərəfindən müxtəlif layihələr və tədbirlər, yeri gələndə həvəsləndirmələr, mükafatlandırmalaq vasitəsilə dəstəklənməlidir. Hesab edirəm ki, istedadlı və yaradıcı gənclərin nailiyyətlərinin ölkədə və onun hüdudlarından kənarda təbliğ edilməsi, gənclərdə yeni həvəs və motivasiya yaradacaqdır.

Bundan əlavə, millət vəkili hesab edir ki, gənclərimizin dünyaya çıxışı, onların beynəlxalq aləmlə sıx və səmərəli əməkdaşlıq qurmaları da dövrümüzün mühüm çağırışlarındandır: "Respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin dəstəklənməsi, təlim kurslarının, seminarlarının keçirilməsi, düşərgə və yay məktəblərinin təşkili çox vacib məsələlərdəndir".

O, əlavə edib ki, gənclərlə iş sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi, lazım gəldikcə yenilərinin qəbul edilməsinə də xüsusi diqqət yetirilməlidir: "Çünki bu, gənclər siyasətinin icrası və səmərəsinin artırılması mexanizminin ayrılmaz tərkib hissələrindəndir. Gənclərin məşğulluq, yaradıcılıq, sahibkarlıq, dövlət qulluğuna qəbul, asudə vaxtın təşkili, yüksək səviyyəli kadrların hazırlanması, beynəlxalq əməkdaşlıq və s. məsələlərin hamısı ilk növbədə işlək normativ hüquqi bazanın olmasını tələb edir".

Ümumilikdə isə F.Muradovun qənaətincə, sözügedən dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı gənclər sektorunun, o cümlədən, gənclərin fərdi inkişafının daha da gücləndirilməsinə hesablanıb: “Bu proqram daha əvvəl dövlət başçısı tərəfindən qəbul edilən və uğurla həyata keçirilən proqramların, eləcə də Azərbaycanın birinci vitse prezidenti, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin davamı olaraq gənclərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək”.

DİGƏR Xəbərlər Arxiv