YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: İdmançılarımızın Rio-2016-da 18 medal qazanmasında Avropa Oyunlarının böyük dəstəyi oldu

Azərbaycan idmançılarının Rio-2016 Olimpiya oyunlarında 18 medal qazanmalarında Avropa oyunlarının böyük dəstəyi oldu.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bunu Minsk 2019 II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədi ilə sentyabrın 21-dən Belarusda rəsmi səfərdə olan Azərbaycanın gənclər və idman naziri, Minsk 2019 Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov yerli TVR.BY və CTV.BY kanallarına müsahibəsində deyib.

Nazir bildirib ki, bu səpkili mötəbər yarışlara hazırlıq prosesi çərçivəsində baş tutan koordinasiya komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğulayıb və bildirib ki, bu gün buraya dünyanın müxtəlif ölkələrindən Olimpiya, Avropa oyunları, Dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər gəlib.

O qeyd edib: “Təbii ki, Koordinasiya Komissiyasının burada əsas məqsədi Minsk 2019 II Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidir. Digər bir məqsəd isə, Minskə gələcək turist sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla bərabər, eyni zamanda, ölkənin mədəniyyəti, adət ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və peşəkar şəkildə media vasitəsi ilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq olar. Siz bunu mütləq etməlisiniz. Çünki Belarus gözəl bir ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik”.

A.Rəhimov xüsusi olaraq vurğulayıb ki, I Avropa oyunları zamanı Azərbaycan idmançılarının atletlər kəndində yaşamaları, onların bu mühit ilə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqibləri ilə mübarizə aparmaları, Rio 2016 Yay Olimpiya oyunlarına psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yaradıb: “Mən Azərbaycan idmançılarının Rio 2016 Olimpiya oyunlarından vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram”.

Minsk 2019 II Avropa Oyunlarına hazırlıq məqsədi ilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı Koordinasiya Komissiyasının iclasında koordinasiya komissiyasının üzvü, nazir A.Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da, kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü təklif olaraq irəli sürüb.