YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçala sakini: Biz doğma Azərbaycanımızı heç zaman bu qədər güclü və çiçəklənən görməmişdik

Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin olunmasında sənaye zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir.

Bunu Neftçala rayon ağsaqqalı Zakir Sayılov deyib.

Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Neftçala Sənaye Məhəlləsinin açılmasının rayonun həyatında böyük hadisə olduğunu bildirən Z.Sayılov qeyd edib ki, orada bir çox istehsal sahələri yaradılır. Onlardan biri də avtomobil zavodudur. İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Neftçala Sənaye Məhəlləsində Azərbaycanda ilk dəfə olaraq balıq yemi istehsalı zavodu da tikilib. Rayon ağsaqqalı layihənin reallaşmasının balıqçılığın sənaye üsulu ilə inkişafına təkan verəcəyini, geniş istehlak olunan balıq növlərinin istehsalının artmasına səbəb olacağını, daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacağını diqqətə çatdırıb.

Zakir Sayılov vurğulayıb ki, sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiyaların qoyulması və istehsalın artması nəticəsində rayonun, eləcə də regionun iqtisadi imkanları artacaq.

“Prezident İlham Əliyevin Neftçalaya növbəti səfəri çərçivəsində sənaye məhəlləsinin açılışında iştirak etməsi neftçalalılar tərəfindən böyük sevinclə qarşılandı. Dövlətimizin başçısı paytaxt Bakı ilə yanaşı, regionların da sosial-iqtisadi inkişafının qayğısına qalır, əhalinin məşğulluğunu təmin etmək üçün ardıcıl tədbir həyata keçirir. Bütün bunlar hamı kimi yaşlı nəslin nümayəndələrini də sevindirir. Biz doğma Azərbaycanımızı heç zaman bu qədər güclü və çiçəklənən görməmişdik. Bütün bu nailiyyətlərə görə Prezident İlham Əliyevə minnətdarıq.”