YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Abu-Dabidə keçiriləcək Şeyx Zayed İrsi Beynəlxalq Festivalında ilk dəfə iştirak edəcək

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə 2017-ci il dekabrın 1-dən 2018-ci il yanvarın 27-nə kimi davam edəcək Şeyx Zayed İrsi Beynəlxalq Festivalında təmsil olunacaq.

Ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumatda bildirilir ki, təşkilatçılarla Azərbaycanın tədbirdə iştirak imkanları müzakirə edilib, ölkəmizin ilk dəfə iştirak edəcəyini nəzərə alaraq uyğun şərtlərin yaradıla biləcəyi qeyd olunub. Festivalın artıq hazırlanmış planında müvafiq dəyişikliklər edilib və Azərbaycan üçün sahə ayrılıb.

Məlumatda qeyd olunur ki, tədbirin təşkili ilə məşğul olan Xəlifə bin Zayed əl Nəhyan Fondunun proqramlar üzrə icraçı direktoru ilə görüş keçirilib. Ölkə Prezidentinin adını daşıyan fond tərəfindən hər il təşkil olunan tədbir qeyri-kommersiya məqsədi daşıyır, BƏƏ və region ölkələrinin öz iqtisadi və mədəni irsini tanıtmaq üçün imkan yaratmağa xidmət edir. Tədbir ölkənin birinci xanımı Şeyxa Fatimənin patronajlığı altında keçirilir. Sərgidə ölkələr onlar üçün ayrılmış ərazilərdə öz məhsullarının satışını həyata keçirir, həmçinin könüllü olaraq keçirilən mədəniyyət tədbirlərinə öz proqramları ilə qatılırlar.

Keçənilki festivalda 18 ölkədən olan şirkətlər 160-dan çox pavilyonda təmsil olunublar, sərginin ziyarətçi sayı 2,5 milyonu ötmüşdü. Tədbirin açılış mərasimində bir sıra ölkələrin rəsmi şəxsləri də iştirak edir. Belə ki, ötənilki festivalın açılışında Səudiyyə Ərəbistanının Kralı, Mərakeşin Kralı, Fransa və Serbiya prezidentləri, həmçinin digər yüksək vəzifəli rəsmilər iştirak edib. Bu il yeni iştirakçı ölkələr sırasında Türkiyə, Ukrayna, İordaniya, Bosniya və Tailand da var. Səkkiz ildir ki, hər il çox sayda müxtəlif ölkələrin iştirakı ilə keçirilən tədbirə bir sıra MDB və region ölkələri də qatılır.

Azərbaycanın BƏƏ-dəki səfirliyi bildirir ki, festivalda iştirak etmək istəyən şirkətlər səfirliyə müraciət edə bilərlər.