YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Dünyada separatizmə qarşı vahid mövqe nümayiş etdirilməlidir

«Dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara yol verilməməlidir. Çünki beynəlxalq miqyasda bir sıra siyasi dairələrin separatizm məsələsinə ikili standartlar əsasında yanaşması bölücülük meyillərinin güclənməsini şərtləndirir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr kömitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir. Onun sözlərinə görə, Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz mənfi nəticələrini verir.

«Dünya birliyi, xüsusilə Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Bu baxımdan, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “DQR”in də faktiki destabillik mənbəyi olduğu birmənalı şəkildə nəzərə alınmalıdır. Qərb siyasi dairələri anlamalıdır ki, işğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təcəssümü və təzahürüdür. Bu gün separatizm faktı ilə qarşı-qarşıya qalan Avropa siyasi dairələri anlamalıdırlar ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir»- deyə, S.Fətəliyeva vurğulayıb.