YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var: “Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 13 mindən çox insan birləşib”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb.

“Səs” qəzətinin redaktoru Bəhruz Quliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir.

Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır.

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur. Qəlbimizdə daim yaşayacaq ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiləşdirilməsi yolunda rayon təşkilatının hər bir üzvü öz səy və bacarığını əsirgəməyəcək.

Sonda partiyaya yeni üzv qəbul edilənlərə vəsiqələr, partiya işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib.