YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir

Ukrayna və Azərbaycanın əməkdaşlığı bütün sahələrdə fəal genişlənmə və aktivləşmə mərhələsindədir.

Bunu Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkənin strateji tərəfdaşlığının əsasını ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı dəstəklənməsi təşkil edir. Nazir deyib: “Ukrayna Dağlıq Qarabağ münaqişəsində status-kvonu qəbul olunmaz hesab edir və bu mövqe dəyişməz qalır”.

S.Kubiv vurğulayıb ki, siyasi sahədə əməkdaşlıq iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. 2017-ci ilin 7 ayında Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 390,76 milyon ABŞ dolları təşkil edib ki, bu da bütövlükdə 2016-cı ilin göstəricisindən 20 faiz çoxdur. Energetika, nəqliyyat və turizm sahələrində, habelə hərbi-texniki sahədə əməkdaşlıq aktiv inkişaf edir.

Ukraynanın Baş nazirinin birinci müavini, eyni zamanda, qeyd edib ki, Kiyev və Bakının qarşılıqlı münasibətlərindəki bu pozitivlik heç də hamının ürəyincə deyil. “Müvafiq olaraq, müəyyən qüvvələr təkcə xaricdən deyil, Ukraynanın daxilində də Azərbaycanla bağlı ardıcıl siyasət aparan Ukrayna Prezidenti P.Poroşenkoya ziyan vurmaq istəyirlər. Ukrayna Ali Radasının (UAR) bir neçə deputatdan ibarət nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan üzrə səsverməsi bunu təsdiqləyir”, - deyə S.Kubiv bildirib.

Bununla yanaşı, nazir onu da bildirib ki, UAR-ın bütün nümayəndələrinin AŞPA-nın Azərbaycana dair qətnaməsinə səs verməsi barədə fikirlər həqiqətə uyğun deyil. “2184 və 2185 nömrəli qətnamələrin lehinə Ukraynanın 12 nümayəndəsindən yalnız 5-i səs verib. Həmçinin səsvermədə iştirak edən Ukrayna deputatlarından heç biri Pyotr Poroşenko Blokuna (PPB) daxil deyil. Bundan əlavə, PPB-dan olan deputat O.Qonçarenko Azərbaycan nümayəndə heyətinin 2184/2017 nömrəli qətnaməyə düzəlişlərini dəstəkləyib”, - deyə S.Kubiv bildirib. O xüsusilə vurğulayıb ki, antiazərbaycan qətnaməsinə səs verən Ukrayna parlamenti deputatlarının mövqeyi Ukraynanın rəsmi mövqeyini əks etdirmir. Onlar yalnız Ali Radada təmsil etdikləri siyasi qüvvələrin fikirlərini ifadə edirlər.

“Bu təxribatçı hərəkətlərin məqsədi tam aydındır – Ukraynanın Avropaya inteqrasiya kursunun təmin edilməsi və bunun qardaş, dost Azərbaycanla qarşılıqlı strateji əməkdaşlığa mənfi təsir göstərməməsi kursu yeridən Ukrayna Prezidenti P.Poroşenkonun siyasətinə zərər vurmaqdır, - deyən S.Kubiv daha sonra qeyd edib. - Ukrayna tərəfi qəti əminliklə bildirir ki, ölkənin ayrı-ayrı siyasi qüvvələrinin bu hərəkəti Ukrayna və Azərbaycan prezidentləri tərəfindən müəyyən edilmiş bütün sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığın gələcək inkişafının reallaşdırılmasına xələl gətirməyəcək”.

S.Kubiv öz ölkəsinin, həmçinin yaxın vaxtlarda Kiyevdə növbəti – iqtisadi məsələlər üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın 12-ci iclasını keçirməyə hazır olduğunu bildirib.