YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Jerusalem Post”: İlham Əliyevin strategiyası sayəsində Azərbaycan qitələrin tranzit və logistika habına çevrilib

Müasir mərhələdə Cənubi Qafqaz regionunda bir-birinin ardınca qlobal miqyaslı geosiyasi və geoiqtisadi layihələr həyata keçirilir. Hamıya məlumdur ki, həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu regiondan keçir. Bir neçə gün bundan əvvəl isə daha bir mühüm layihənin açılışı olub – transxəzər beynəlxalq nəqliyyat marşrutunun və daha qlobal miqyaslı “Yeni İpək Yolu” layihəsinin çox mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı olub.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 5 noyabr tarixli nömrəsində dərc edilmiş “İlham Əliyevin strategiyası sayəsində Azərbaycan qitələrin tranzit və logistika habına çevrilib” sərlövhəli məqaləsi (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Ilham-Aliyevs-strategy-made-Azerbaijan-transit-and-logistics-hub-of-continents-and-transport-projects-513220) bu barədədir.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını ilk dəfə birləşdirən bu layihənin reallaşması 2007-ci ildə üç ölkə arasında hökumətlərarası saziş imzalanması ilə başlanıb. İsrailli ekspert yazır: “Bir ildən sonra yolun Türkiyəyə aid hissəsinin tikintisi başlandı. Layihəyə əsasən həmin dəmir yolunun Azərbaycana aid hissəsini, həmçinin Gürcüstanda Marabdadan Axalkaliyə qədər olan hissəsinin tamamilə yenidən qurulması və Axalkalaki və Qars yeni infrastrukturunun tikintisi nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, bu iri qlobal layihədə Azərbaycan əsas ideoloq, təşəbbüskar və əsil lokomotiv rolunu öz üzərinə götürüb. Xüsusi halda, Azərbaycan bu layihənin Gürcüstan ərazisində reallaşdırılmasını maliyyələşdirib və bunun üçün 775 milyon dollar kredit ayırıb”.

Qut qeyd edir ki, Çindən, Mərkəzi Asiyadan və Avropadan olan daşıyıcılar BTQ xətinin açılmasını intizarla gözləyirdilər. Axı bu yolun açılması nəticəsində məsələn, Çindən Avropaya yüklərin daşınması müddəti azalaraq 40-45 sutkadan 12-15 sutkaya düşəcək, neft məhsullarının və quru yüklərin Türkiyə bazarına çatdırılması üçün nəqliyyat xərcləri isə nəzərəçarpacaq dərəcədə azalacaq. Arye Qut vurğulayır: “Bütövlükdə birinci mərhələdə hər il 5 milyon tona qədər yük və 1 milyona yaxın sərnişin daşınması planlaşdırırlır. Gözlənildiyinə görə, sərnişin daşınması 2018-ci ildə başlanacaq. BTQ dəmir yolundan həm də Xəzər regionu ölkələrindən maye qazın, Türkmənistan və Azərbaycandan neft məhsullarının, Çindən isə konteyner daşımalarının təşkili üçün istifadə edilə bilər. Bu isə layihəyə başqa ölkələrin də marağının götəricisidir”.

İsrailli ekspertin fikrincə, heç şübhəsiz, Azərbaycan bu layihədən daha böyük səmərə əldə edəcək, çünki o, dəmir yol xəttinin tikintisinin təşəbbüskarı olmaqla bərabər, layihənin maliyyələşdirilməsində aparıcı dövlətdir. Açılış mərasimində çıxış edən Azərbaycan dövlətinin başçısı qeyd edib ki, qardaş, dost ölkələrindən olan qonaqlar bu təntənəli tədbirə gəliblər. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilini, Qazaxıstanın baş naziri Bakıtjan Saqıntayevi, Özbəkistanın baş naziri Abdulla Aripovu, Tacikistan və Türkmənistan nazirliklərinin rəhbərlərini salamlayaraq, mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev BTQ-nin rəsmi açılış mərasimində çıxış edərək bildirib ki, bu dəmir yolu strateji əhəmiyyətli tarixi layihədir. Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək”.

Arye Qut vurğulayır: “Azərbaycan BTQ layihəsinin təşəbbüskarıdır. Ən başlıcası bu, İlham Əliyevin və onun ölkəsinin xarici siyasət strategiyasının böyük uğurudur və buna heç kəs şübhə etməməlidir”.

Məqalə müəllifinin fikrincə, BTQ qonşu dost ölkələr olan Türkiyə, Azərbaycan və Gürcüstanın həm özlərinin inkişafı, həm də regionun inkişafı üçün öz potensialından düzgün və praqmatik istifadə edə bilmələrini göstərən əyani nümunədir. İsrailli ekspert yazır: “Bu sıx və perspektivli müttəfiqlik hər hansı dövlətə qarşı yönəlməyib, yalnız Ermənistan öz təqsiri üzündən növbəti dəfə uduzub, bu iri regional layihədən kənarda qalıb. Son vaxtlar Ermənistan cəmiyyətində BTQ dəmir yolundan Ermənistanın da istifadə etməsi məsələsi müzakirə olunurdu. Azərbaycan XİN-in rəsmi nümayəndəsi H.Hacıyev bir qədər əvvəl bu məlumatı şərh edərək bildirib ki, Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarandan sonra regional inteqrasiya imkanlarından istifadə edə bilər”.

Qut vurğulayır ki, Azərbaycan öz iqtisadi siyasəti sayəsində inkişaf etdiyi və möhkəmləndiyi bir vaxtda Ermənistan öz qonşularına qarşı yönəlmiş işğal siyasətindən imtina edə bilmir. Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində yazır: “Hər halda Azərbaycan heç vaxt gizlətməyib ki, bu qlobal Bakı-Tbilisi-Qars layihəsi ondan ötrü həm iqtisadi, həm də siyasi əhəmiyyət kəsb edir və Ermənistanın təcrid olunmasını kəskinləşdirməyə yönəlib. Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan əvvəlcə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər regionunun qaz və neft resursları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qaldı, indi isə iri regional nəqliyyat layihəsinə qoşulmaq şansını da itirdi”.

İsrailli ekspertin fikrincə, Ermənistan Kremlin geosiyasi ambisiyalarından tam asılı vəziyyətdədir. Bu, heç bir strategiyası və taktikası olmayan xarici siyasətə gətirib çıxarıb. Arye Qut yazır: “SSRİ dağılan gündən Ermənistan Rusiyanın siyasi və iqtisadi ambisiyalarından tamamilə asılıdır. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu və ABŞ konqresinin sponsoru yardımıdır. Buna görə onlar Rusiyanın satelliti olan, ABŞ ilə münasibətlərində gərginlik yaranmış təcavüzkar dövləti qidalandırmazdan əvvəl düşünməlidirlər. İrandan Ermənistana ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə müxtəlif təkliflər daxil olduğu bir vaxtda Ermənistanın siyasəti Rusiya tərəfindən açıq-aşkar dəstəklənmir, çünki Rusiyanın öz maraqları var”.

Daha qlobal perspektivdə regional prosesləri bir qədər ətraflı nəzərdən keçirsək, aşkar görünər ki, Yerevanın Ermənistan-Azərbaycan münaqişəsində status-kvonu saxlamağa yönəlmiş siyasəti mahiyyət etibarilə perspektivsizdir, bu siyasət rəsmi Yerevanın təcrid olunmasına və Ermənistanın daxilində təhlükəli demoqrafik vəziyyət yaranmasına doğru aparır.

İsrailli ekspert öz məqaləsində vurğulayır: “Lakin Ermənistanın indiki siyasi elitasının keyfiyyəti Azərbaycan ilə Ermənistan arasında münaqişənin tənzimlənəcəyinə ümid yaratmır. Ölkədə vəziyyət son dərəcə mürəkkəbdir. Bu gün mübahisəsiz faktdır ki, Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir geosiyasi və ya geoiqtisadi layihə həyata keçirilə bilməz. Ermənistan faktiki olaraq özünü tamamilə təcrid edib. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin, sonra isə Ermənistan xalqının problemidir. Prezident Sarkisyan və onun kriminal-oliqarxik klanı üçün Azərbaycanla müharibə, yəni Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi öz siyasi hakimiyyətini qoruyub saxlamaq üçün real imkandır. Bütün bu bəyanatlar bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçi, əlləri dirsəyə qədər qan içində olan, Ermənistanın siyasi həyatının öz səhnəsinə təsadüfən düşmüş separatçıdır. Bu baxımdan mən get-gedə artıq dərəcədə hesab edirəm ki, Ermənistan Prezidenti sanki yuxudadır, Cənubi Qafqaz regionunda nələr baş verdiyini görmür. Ermənistan prezidenti öz ölkəsinin müstəqilliyi barədə danışmağı xoşlayır, lakin danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.

Arye Qut yazır: “Serj Sarkisyan və onun Ermənistan hökuməti adlandırılan kriminal-oliqarxik piramidası bütün kiçik və orta müəssisələri məhv edir, bu isə əhali arasında narazılığa səbəb olur. Ölkədə işsizlik sürətlə artır, kütləvi aksiyalarda iştirak etmək istəyənlər çoxdur. Ermənistanın hakimiyyət orqanları həqiqəti gizlətməyə çalışsalar da Ermənistan iqtisadiyyatı sistemli böhran dövrü yaşayır. Ermənistanın hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasını sübut edən real rəqəmləri gizlədirlər. İnsanların sosial narazılığının kəskinləşməsi Serj Sarkisyan rejiminə son qoyacaq. Təkcə bunun nə vaxt baş verəcəyi məlum deyil”.

Ekspert vurğulayır ki, iri addımlarla girdaba yuvarlanan Ermənistandan fərqli olaraq Azərbaycan İran istiqamətindən də intensiv iştirak edir. Qut yazır: “Məsələn, Tehran Rusiya, Azərbaycan və İran prezidentlərinin ikinci sammitinin keçirildiyi məkan oldu. Bu əməkdaşlıq çərçivəsində tezliklə İran-Azərbaycan dəmir yol körpüsü də inşa ediləcək, bu isə Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi əhəmiyyətini bir daha vurğulayacaq. Prezident Putin qeyd edib ki, həmin görüşdə Xəzərdə birgə iş və “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması barədə söhbət gedəcək. Bu dəmir yol dəhlizi Azərbaycan, İran və Rusiya dəmiryollarının birləşdirilməsini nəzərdə tutur, nəticədə Baltik ölkələri ilə Hindistan arasında İran ərazisindən keçməklə birbaşa nəqliyyat əlaqəsi təmin ediləcək”.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 5 noyabr tarixli nömrəsində dərc edilmiş məqaləsinin sonunda yazır: “Beləliklə, Azərbaycan özünün xarici siyasət strategiyasını düzgün qurub və bu dövlətin həm regionda, həm də dünyada yüksək olan reytinqini daha da gücləndirəcək bütün ciddi nəqliyyat layihələrinin mərkəzindədir”.