YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanmasına start verildi

Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisi Dövlət Sosial Müdafiə Fondu olan tvinninq layihəsi üzrə müqavilə qüvvəyə minib. Fonddan verilən məlumata görə, bu barədə Fondun sədri Elman Mehdiyev məlumat verib.

E.Mehdiyev bildirib ki, qeyd edilən tvinninq layihəsinin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

DSMF sədri onu da bildirib ki, ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə layihənin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur. Hazırda həmin tədbirin təşkili ilə bağlı qarşı tərəflə müzakirələr aparılır.

Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində "Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək" adlı tvinninq layihəsi üzrə ilkin danışıqlar 2010-cu ildə başlayıb. Ötən dövr ərzində, layihə ilə bağlı geniş müzakirələr və ilkin hazırlıq işləri aparılaraq detalları dəqiqləşdirilib, habelə layihə üzrə müvafiq müqavilə tərtib edilib.

Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində müəyyən edilmiş prosedur qaydalarına uyğun şəkildə təsdiq olunaraq imzalanmış müqavilə cari ilin aprel ayında qüvvəyə minib. Qeyd edilən tvinninq layihəsi Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.