YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorra hökuməti ilə əməkdaşlığı davam etdirəcək

Andorrada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti bu ölkənin parlamentinin spikeri Visens Mateu Zamora və vitse-spikeri xanım Monika Bonel Tuset ilə görüşüb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike Frayberqa, Mərkəzin Qəyyumlar Şurasının üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin İdarə Heyətinin üzvü Petar Stoyanov, Liviya Vətəndaş Forumunun prezidenti Farida Allagahi və Andorranın sabiq Baş naziri Oskar Ribas Reyq iştirak edib.

Spiker Visens Mateu Zamora görüşdə Andorranın tarixi haqqında məlumat verib, hazırda bu ölkədə keçirilən “Avropada etimadın bərpa olunması” konfransının əhəmiyyətindən danışıb. O, regionda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün 800 illik tarixində heç bir münaqişə yaşamayan Andorranın seçilməsinin önəmli amil olduğunu vurğulayıb. Tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirən Visens Mateu Zamora birgə əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlığın müzakirəsi üçün Andorra hökumətinin göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nümayəndə heyətinin üzvləri bu əməkdaşlığın davam etdiriləcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Sonda Mərkəzin nümayəndə heyətinin üzvləri xatirə kitabına ürək sözlərini yazıblar, daha sonra Parlamentin tarixi binası Kasa De La Valı ziyarət ediblər və yeni istifadəyə verilmiş binanın iclas zalı ilə tanış olublar.