YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi

Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq qeyd etdi ki, 25 il bundan öncə Yeni Azərbaycan Partiyasının təsis edildiyi bu günlərdə Azərbaycan dərin ictimai-siyasi böhran məngənəsində çabalayırdı. Bir tərəfdən ölkədə hakimiyyəti zəbt edən anti-milli, bacarıqsız, lakin özündən müştəbeh rəhbərlərin səriştəsizliyi, bir tərəfdən ölkənin şimalında və cənubunda baş verən separatçılıq meylləri, bir tərəfdən ölkəmizdə baş verən vətəndaş müharibəsi, cəbhə xəttindəki uğursuz əməliyyatlar və torpaqlarımızın işğalına səbəb olmuş, yenicə müstəqilliyini bərpa etmiş, onsuz da son dərəcə kövrək olan müstəqilliyimizi təhlükə altına salmışdı. Ölkədə bir xaos hökm sürür, əhali arasında sabaha ümidsizlik və ruh düşkünlüyü yaranmışdır. Belə bir zamanda ölkə əhalisinin əksər hissəsinin bircə ümidi, son ümidi o zaman Naxçıvanda yaşayan Heydər Əliyevə dikilmişdi. Hər zaman olduğu kimi, bu dəfə də ulu öndər dövlətin ağır günündə xalqın təkidli çağırışlarına biganə qalmadı. Bax o zaman ulu öndər ölkən ziyalılarının çağırışına səs verdi və Yeni Azərbaycan Partiyası yarandı. 1992-ci ildə müxalifətdə olan partiya 1993-cü ilin iyulunda hakimiyyətə gəldi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümumilli lider Heydər Əliyev ilk növbədə, ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını alıb, vətəndaş qarşıdurmasını aradan qaldırdı. Ramiz Göyüşov tarixi hadisələr barədə geniş arayış verərək bu gün ölkəmizin sürətlə inkişaf etdiyini və dünyanın böyük nüfuz, söz sahibi ölkələrindən biri olduğunu diqqətə çatdırdı. Çıxışının sonunda partiya üzvlərini təbrik edərək onlara ictimai-siyasi işlərində uğurlar arzu etdi.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov,  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, MM-in deputatı Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasının yaradılması tariximizdə dərin izlər qoyub, çünki bu partiyanın yaradılması və uğurlu siyasi fəaliyyət göstərməsi ilə ölkəmiz xaos və hərc-mərclikdən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycan xilas olundu, ölkəmizə demokratik ənənələr gətirildi. Bir sözlə, bu partiyanın yaradılması ilə ölkəmiz tənəzzüldən azad olaraq tərəqqi yoluna qədəm qoydu. Dövlət idarəçiliyində milli maraqlarımız ön plana keçdi. Bu gün də dövlətimizin keşiyində duran YAP-ın müstəqil Azərbaycanın siyasi tarixində misilsiz rolu var.

Tədbir çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaranmasına, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə, eləcə də YAP Binəqədi rayon təşkilatı tərəfindən görülən işlərə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə davam etdirildi.

Daha sonra tədbirdə Binəqədi rayonunun tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında YAP-ın yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilən “25 il Azərbaycan naminə” adlı intellektual yarışında qalib gələrək I, II və III yerlərə layiq görülmüş məktəblərin komanda kapitanları təltif edildilər.Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi.Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə YAP Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edildilər.

Tədbir rəsmi hissəsi bitdikdən sonra bədii hissə ilə davam etdirildi. Bədii hissədə YAP-a, ümummilli lider Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş mahnılar, şeirlər səsləndirildi, rəqslər ifa edildi. Bədii hissə xalq artisti Mübariz Tağıyevin ifaları ilə yekun vuruldu.

DİGƏR Partiya xəbərləri Arxiv