YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in baş katibi Tomas Qreminger: Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü təqdir edirəm

“Mən Azərbaycan və Ermənistan prezidentləri arasında oktyabrın 16-da Vyanada Minsk qrupu həmsədrlərinin himayəsi altında keçirilən görüşü təqdir edirəm. Bu, bir ildən artıq müddət ərzində belə səviyyədə keçirilən ilk birbaşa görüş idi”.

Bu barədə ATƏT-in baş katibi Tomas Qreminger dekabrın əvvəlində təşkilatın Vyanada keçiriləcək nazirlər görüşü ərəfəsində Rusiyanın “İnterfaks” Agentliyinə verdiyi müsahibəsində bildirib. O, sözünə davam edərək deyib: “Mən bu faktı təqdir edirəm ki, prezidentlər danışıqlar prosesinin intensivləşdirilməsi üçün tədbirlər görülməsi və təmas xəttində gərginliyin azaldılması barədə razılığa gəliblər”.

Qremingerin fikrincə, uzanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu tərəflərin saf niyyətlə danışıqlar masasına qayıtmasıdır. ATƏT-in baş katibi deyib: “ATƏT dialoq üçün məkan təqdim edir və uzunmüddətli sülhə nail olmaq məsələsində tərəfləri dəstəkləyir. Bunun üçün isə tərəflərin əsl siyasi iradəsi və öhdəliyi lazımdır”.

O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsinə yalnız tərəflər özləri nail ola bilərlər. ATƏT münaqişənin həlli yolunu diktə edə bilməz. “Son dərəcə mühümdür ki, tərəflər 1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminə dəqiqliklə əməl etsinlər. Üç həmsədrin rəhbərliyi ilə Minsk qrupu tərəflər üçün yeganə məqbul format olaraq qalır. Minsk qrupu ATƏT-in üzvü olan bütün dövlətlərin tam etimadını qazanıb. Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədri özünün xüsusi nümayəndəsi vasitəsilə gərginliyin aradan qaldırılması və danışıqlar prosesinin irəliləməsi məsələlərində daim tərəflərlə bilavasitə əlaqə saxlayır”, - deyən T.Qreminger daha sonra əlavə edib ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin mütəmadi keçirdiyi müşahidə missiyaları hərbi sahədə etimadı möhkəmləndirməyin yeganə sabit vasitəsi olaraq qalmaqdadır.

Nazirlər Şurasının dekabr ayında Vyanada keçiriləcək iclası barədə danışan ATƏT-in baş katibi bildirib ki, ötən illərdə olduğu kimi bu il də Nazirlər Şurasının gündəliyi üçün spesifik mövzular olmayacaq. Tomas Qreminger daha sonra deyib: “ATƏT məkanında münaqişələrin gərginliyinin azaldılması ilə yanaşı, həmçinin ekstremizm və radikalizmə qarşı mübarizə məsələləri, habelə regionda ATƏT-ə etimadın bərpasına yönələn səylər müzakirə edilə bilər”.

 

DİGƏR Xəbərlər Arxiv