YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi Əli Həsənov Brüsseldə keçirilən Qarabağ Forumunda çıxış edib

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir.

Beynəlxalq Forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Forumda çıxış edib.

Forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulayan Əli Həsənov deyib ki, tədbirdə beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.

Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi bildirib ki, hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşahidə olunur.

“Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir”, - deyə Əli Həsənov əlavə edib.

Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini deyən Prezidentin köməkçisi deyib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır. Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda, etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törətdiyinin təəssüf doğurduğunu deyən Əli Həsənov bildirib ki, bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır.

“Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir”, - deyə Əli Həsənov vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir.