YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Natalia Qerman: Azərbaycanın təcrübəsi Moldovanın inkişafı üçün nümunədir

Sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qerman ilə görüşüb.

Təkbətək və geniş tərkibli görüşlərdən sonra Elmar Məmmədyarov və Natalia Qerman birgə mətbuat konfransı keçiriblər.

E.Məmmədyarov Azərbaycan ilə Moldova arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyib. O bildirib ki, hər iki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri görüşdə bir çox məsələlərin müzakirə edildiyini, xüsusilə iqtisadi əlaqələrin diqqət mərkəzində olduğunu deyib. Azərbaycanın Moldovaya investisiya yatırması ilə bağlı məsələlər ətrafında müzakirələrin aparıldığını bildirən E.Məmmədyarov rəsmi Kişinyovun həm də biznes sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Nazir kənd təsərrüfatı və energetika sahələrində də əlaqələrin genişləndirilməsinin planlaşdırıldığını əlavə edib.

Natalia Qerman ölkələrimiz arasında münasibətlərin istər siyasi, istər iqtisadi, istərsə də humanitar sahələrdə yüksək səviyyədə olduğunu deyib. O bildirib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına töhfə verməkdədir. Azərbaycan ilə Moldova arasında beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq mövcuddur.

Natalia Qerman deyib: “Biz istəyirik ki, ölkələrimiz arasında iqtisadiyyat sahəsində əlaqələr daha da inkişaf etsin. Azərbaycan iqtisadi və maliyyə baxımından çox güclü dövlətdir, energetika sahəsində böyük təcrübəsi var. Azərbaycanın təcrübəsi Moldovanın inkişafı üçün nümunədir”.

O, həmçinin bu ilin sonuna kimi Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv