YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi açılıb

Noyabrın 28-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (“RecExpo III”) açılıb.

Sərginin açılış mərasimində bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti və əmlak şirkətlərinin rəhbərləri iştirak ediblər.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Andorra və Gürcüstandan 70-ə yaxın daşınmaz əmlak şirkəti, investisiya qurumları və digər təşkilatlar təmsil olunur. Bu beynəlxalq tədbirdə 150-dən çox tikinti və inşaat layihələri təqdim edilir.

ƏMDK-nın sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır. Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı, daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında fəallığın artmasına imkan yaradır.

O qeyd edib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi “RecExpo III” sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eyni zamanda, daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, sərginin ikinci günü – noyabrın 29-da Bakı Ekspo Mərkəzində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans keçiriləcək. Noyabrın 30-dək davam edəcək sərgi saat 10:00-dan 18:00-dək ziyarətçilərə açıq olacaq. “RecExpo III” ziyarətçilərini özəl endirimlər və sürprizlər də gözləyir.