YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Osloda Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Osloda səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət-tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Səfa Mirzəyev milli nümayəndə heyətləri baş katiblərinin görüşündə iştirak edəcək, qaldırılan məsələlərə münasibətini bildirəcək.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.
Nümayəndə heyətinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyi də gözlənilir.