YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Messaggero Veneto” qəzetinin saytında Azərbaycanla bağlı məqalə yerləşdirilib

İtaliyanın “Messaggero Veneto” qəzetinin saytında Azərbaycanın dinamik inkişafı ilə bağlı məqalə yerləşdirilib.

Azərbaycanda səfərdə olan müəllif məqalədə yazır: “Xəzərin sahilində yerləşən, küləklər şəhəri adlandırılan Bakı ilə tanış oldum. Şəhərdə gecə saatlarında göydələnlərdən ətrafa işıq saçan rəngarəng mənzərə göz oxşayır. Paytaxtın simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan alov dilləri formasında üç göydələndən ibarət “Alov qüllələri” bu görüntünü tamamlayan heyrətamiz bir tikilidir. “Qafqazın pələngi” adlandırılan Azərbaycan Avropa və Asiyanın qovuşduğu bir nöqtədə yerləşdiyi üçün hər iki mədəniyyətin xüsusiyyətlərini özündə əks etdirir”.

Yazıda Azərbaycanda “Xəzər adaları” kimi irimiqyaslı layihələrin həyata keçirilməsindən, Avropanın enerji təhlükəsizliyi üçün vacib olan TAP-ın reallaşmasından, Bakının “Formula-1”in mərhələ yarışına ev sahibliyi edəcəyindən də bəhs olunur.

Qəbələdə “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunda olan müəllif bildirir ki, bu müəssisə Azərbaycanın şərabçılıq ənənələri əsasında fəaliyyət göstərir. Şərabçılıq bu ölkədə geniş yayılan təsərrüfat növüdür. Bu istiqamətdə Azərbaycan ilə İtaliyanın regionları arasında əməkdaşlıq genişləndirilməkdədir.

Vurğulanır ki, dünyəvi ölkə olan Azərbaycanda hər zaman bütün millətlərin, dinlərin nümayəndələrinə bərabər hüquqlar verilib, onlar sülh və dostluq şəraitində yaşayıblar. Azərbaycan artıq dinlərarası münasibətlərin tənzimləndiyi önəmli bir məkana çevrilib.

Müəllif sürətlə inkişaf edən Azərbaycanın yeganə probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirir. Qeyd edir ki, münaqişə nəticəsində xeyli insan həyatını itirib, bir milyondan artıq azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, lakin bütün bu gərginliyə baxmayaraq, Azərbaycan regionun ən güclü dövlətinə çevrilməyi bacarıb.

Qeyd edək ki, “Messaggero Veneto” qəzetinin saytında Azərbaycanla bağlı reportaj da yerləşdirilib.