YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqoda dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, aksiyada San-Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılıb, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Ata Kimsəsizlər Sığınacağı”nda təşkil olunub. Aksiya zamanı baş konsul Nəsimi Ağayev və konsulluğun əməkdaşları könüllülərə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən əvvəl baş konsul N.Ağayev “Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatının rəhbəri və icraçı direktoru Cim Varqas ilə görüşüb.

Görüşdə baş konsul Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. N.Ağayev vurğulayıb ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində əvəzsiz rol oynayıb. O, Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını qeyd edib.

Baş konsul ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan və inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib.

C.Varqas rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyasına ev sahibliyi etməsindən məmnunluq duyduğunu deyib. Təşkilat rəhbəri qeyd edib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindəndir.