YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Azərbaycan açıq okeana çıxışı olmayan bir ölkə kimi regional nəqliyyat dəhlizinə çevrilib

Azərbaycan açıq okeana çıxışı olmayan bir ölkə kimi regional nəqliyyat dəhlizinə çevrilib.

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq enerji və nəqliyyat layihələrindən də danışıb.

Enerji layihələrinin Azərbaycan və region üçün əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin təşəbbüskarı olduğu layihələr regionun enerji xəritəsini dəyişib. “Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Nəqliyyat layihələrindən də bəhs edən Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmini vurğulayaraq deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var”.

Dövlətimizin başçısı qeyd edib ki, gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcək. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq.