YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir

AŞPA-nın sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

Çıxışında “hər birimiz görürük ki, hamımız terrordan əziyyət çəkirik. Təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir”, - deyən Səməd Seyidov terrorun Avropanın bədəninə girmiş xərçəng olduğunu vurğulayıb. “Bir ölkə bu xəstəliyin qarşısını almaq məqsədilə əlindən gələni edir, insan hüquqları üçün normal mühit yaratmağa çalışır, biz isə bunu müzakirə edir, işğal və ya daxili işlərə müdaxilə adlandırırıq. Bu nə işğal, nə də müdaxilədir. Bu terrora, xərçəngə qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədir. Hər iki terror təşkilatı bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləməyi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlamağı qərar alıb”, - deyə S.Seyidov vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, bu, beynəlxalq ictimaiyyətə xüsusi ismarıcdır. Türkiyə bəzi ölkələr kimi başqalarının ərazilərini işğal etmək istəmədiyini bəyan edib. BMT və ABŞ-ı məlumatlandırıb ki, beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarına dörd min yük maşını yardım göndərmək regionda böhran vəziyyəti yarada bilər.

“Türkiyə beynəlxalq qurumları məlumatlandırsa da, təəssüf ki, heç bir təşkilat buna məhəl qoymayıb. İndi Türkiyə bizim, övladlarımızın, Bakı, London və digər şəhərlərin təhlükəsizliyi üçün bu əməliyyatlara başlayanda iddia edirik ki, bu, daxili işlərə müdaxilədir. Xeyr, bu, müdaxilə deyil. Türkiyənin bu gün bizim dəstəyimizə ehtiyacı var. Bu, terrorla mübarizənin yeganə yoludur. Ümid edirəm, Türkiyə bunun öhdəsindən gələ biləcək”, - deyə nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb.