YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Yaponiya əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

Aprelin 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takao Makinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmiş, bu səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiya tərəfinə təşəkkürünü bildirmişdir.

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb edilməsinə baxmayaraq, rəsmi Yerevanın buna əməl etmədiyini diqqətə çatdırmışdır.

Takao Makinon dövlətlərin ərazi bütövlüyünə hörmətin Yaponiyanın prinsipial mövqeyi olduğunu qeyd etmiş, bu yaxınlarda keçirilmiş Azərbaycan-Yaponiya hökumətlərarası birgə komissiyasının iclasının və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırmışdır.

Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, sərmayələrin və turizmin təşviqi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılmışdır.