YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Baronessa Emma Nikolsonu Azərbaycanda salamlayaraq, qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Böyük Britaniyanın Baş nazirinin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən Mehriban Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirdi. Baronessa Emma Nikolsonla 2016-cı ilin noyabrında görüşünü xatırlayan Birinci vitse-prezident onun geniş fəaliyyətini yüksək dəyərləndirdi və böyük hörmətə layiq olduğunu vurğuladı. “Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə Baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd etdi. Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq, enerji sektorundakı əməkdaşlığı xüsusi vurğuladı, Azərbaycanda Böyük Britaniyanın bir sıra şirkətlərinin, o cümlədən BP şirkətinin uğurlu fəaliyyətini qeyd etdi. Ümumi dəyəri 42 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Mehriban Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu dedi. Diqqətə çatdırdı ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.

İki ölkə arasında digər sahələrdə də geniş əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edən Birinci vitse-prezident nəqliyyat, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində böyük potensialın olduğunu vurğuladı. Baronessa Emma Nikolsonun xeyriyyəçilik fəaliyyətindən danışan Mehriban Əliyeva AMAR Beynəlxalq Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında çox uğurlu əməkdaşlığı qeyd etdi. Bildirdi ki, İraqda münaqişədən əziyyət çəkən insanlar üçün 2017-ci ildə Baronessa Emma Nikolsonun təklifi ilə köçkün düşərgələrində şahmat turniri keçirilib. Azərbaycanın iki beynəlxalq şahmatçısı Azər Mirzəyev və Fərid Abbasov turnirdə iştirak edərək, oyunlar keçiriblər. Bu layihəyə göstərilən dəstəyə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirən Mehriban Əliyeva Azərbaycan tərəfinin gələcəkdə də belə layihələrdə iştirak etməyə hazır olduğunu dedi.

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə olmaqdan məmnunluğunu bildirdi. Qonaq Mehriban Əliyeva ilə ikinci dəfədir ki, görüşdüyünü qeyd edərək, keçirilən müzakirələri yüksək dəyərləndirdi. Vurğuladı ki, müzakirələrin nəticəsi olaraq hər iki tərəf üçün böyük maraq doğuran sahələrdə uğurlu işlər görülüb. Qonaq bu fəaliyyətin davam etdirilməsini arzuladıqlarını bildirdi.