YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Həyata keçirilən islahatlar qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir

«Son 15 ildə ölkəmizdə iqtisadi sahədə dinamik inkişaf müşahidə olunur. Azərbaycanın dünyada nüfuzu daha da yüksəlib, aqrar sektorda böyük dəyişikliklər baş verib, kənd təsərrüfatına dövlət dəstəyi artıb, sosial sahədə müsbət irəliləyişlərə nail olunub». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bütün sahələrdə həyata keçirilən islahatlar qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan yeni qanun layihələri də hazırlanır.

«“Texniki tənzimləmə haqqında” qanun layihəsi də yeni sənəddir. Qanun 4 fəsil 18 maddədən ibarətdir. Sənəddə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi və digər əlaqəli proseslər, istehsal metodları üzrə texniki tənzimləmənin məqsədləri, tətbiqi qaydaları müəyyən edilir. Bu sahədə dövlətin vəzifələri, texniki reqlamentlərə dair tələblər, o cümlədən onların strukturu və məzmunu, texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsinin prinsipləri əks olunur.

Qanun layihəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə milli standartlaşdırma qurumu tərəfindən məlumat mərkəzinin təsis edilməsi nəzərdə tutulub. Texniki reqlamentlərin tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar»-deyə, komitə sədri vurğulayıb.