YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçirilib

Sentyabrın 16-da Tehranda Azərbaycan Respublikası-İran İslam Respublikası hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, İran tərəfdən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin iştirakı ilə keçirilən iclasında ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

İclasdan sonra komissiyanın həmsədrləri mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıblar.

M.Vaizi bildirib ki, müzakirələr olduqca səmərəli keçib. İclasda İran ilə Azərbaycanın neft, qaz, enerji, bank, gömrük, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı və əminik ki, bunun müsbət nəticələri olacaqdır.

İranlı nazir dedi ki, müxtəlif sahələr üzrə əməkdaşlıq komitələrinin yaradılması məsələsi də nəzərdən keçirildi.

Biz siyasi xarakter daşıyan regional məsələlər haqqında da fikir mübadiləsi apardıq. İclasda İran, Azərbaycan və Türkiyənin birgə əməkdaşlıq komissiyasının yaradılması da nəzərdən keçirildi.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iclasın nəticələrini yüksək qiymətləndirərək bildirdi ki, nümayəndə heyətlərinin geniş tərkibli olması və müzakirələrin müxtəlif sahələri əhatə etməsi dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişafından xəbər verir.

Nazir dedi ki, Azərbaycan-İran münasibətlərinin yaxınlaşması bəzi qüvvələri narahat edir. Ona görə də mehriban qonşuluq əlaqələrinə xələl gəlməməsi üçün diqqətli olmalıyıq. Əlaqələrimizin tez bir zamanda yeni inkişaf mərhələsinə qədəm qoyması xalqlarımızın yaxınlığından qaynaqlanır.

Ş.Mustafayev qeyd etdi ki, iclas çərçivəsində keçirəcəyimiz görüşlərdən məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apreldə İrana rəsmi səfəri zamanı razılaşdırılmış məsələlərin reallaşdırılması işini sürətləndirməkdən ibarətdir.

Azərbaycan nümayəndə heyətinin İrana səfəri davam edir.