YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri bəyanat veriblər

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Pensilvaniya ştatından konqresmen Bill Şuster (respublikaçı) və Tennessidən Stiv Kohen (demokrat) 20 Yanvar faciəsinin 28-ci və Xocalı qətliamının 26-cı ildönümü ilə bağlı ayrı-ayrılıqda bəyanatlarla çıxış ediblər.

Bill Şuster bəyanatında ABŞ-ın Azərbaycan kimi müttəfiqinin tarixində iki faciənin ildönümünə diqqət çəkib. O, sovet imperiyası rejimi əleyhinə qiyamın susdurulması məqsədilə 1990-cı il yanvarın 20-də Bakıya ordu yeridildiyini bildirib. Vurğulayıb ki, imperiyanın silahlı qüvvələri mülki əhaliyə, xüsusilə qadın və uşaqlara atəş açıb, xəstəxanaları və təcili yardım maşınlarını gülləyə tutublar. Nəticədə 147 nəfər ölüb, 744 nəfər yaralanıb, 800-dən çox insan qanunsuz həbs olunub, naməlum sayda insan itkin düşüb. Lakin bütün bunlar Azərbaycan xalqının iradəsini qıra bilməyib və ölkə dövlət müstəqilliyini bərpa edib.

Bundan əlavə, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin erməni silahlı qüvvələri tərəfindən blokadaya alındığı, yüzlərlə qadın, uşaq və qocanın amansız qətlə yetirildiyi, mindən çox insanın əsir düşdüyü konqresmen Şusterin bəyanatında qeyd olunub. Sənəddə, həmçinin Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə törədilmiş ən böyük qətliam olduğu vurğulanıb. Daha sonra bəyanatda Azərbaycanın 11 sentyabr terror aktlarından sonra ABŞ-a dəstək və başsağlığı verən ilk ölkələrdən biri olmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Konqresmen Stiv Kohenin bəyanatında Azərbaycanda milli istiqlal hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakı şəhərinə yeridildiyi, dinc əhaliyə atəş açıldığı, tibb müəssisələri daxil olmaqla mühüm infrastrukturun dağıdıldığı vurğulanıb, konkret faktlar göstərilib. Konqresmen “Human Rights Watch” təşkilatının faciə ilə bağlı hesabatına istinadla, həmin hadisəni sovet imperiyasının kollektiv cəza üsulu və SSRİ-yə daxil olan digər respublikalardakı müstəqillik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirib.

Stiv Kohen, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci fevralın 26-na keçən gecə erməni silahlı qüvvələrinin hücum etdiyini, 613-dən çox dinc sakinin vəhşicəsinə öldürüldüyünü qeyd edib. Yüzdən çox insanın işgəncələr nəticəsində şikəst olduğunu, yüzdən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, ən azı 8 ailənin tamamilə məhv edildiyini bildirib.

Sonda konqresmen bütün bunlara baxmayaraq, Azərbaycanın güclü iqtisadiyyatı olan müstəqil dövlətə və ABŞ-ın müttəfiqinə çevrildiyini diqqətə çatdırıb. Konqresmen öz bəyanatında ABŞ ilə Azərbaycan arasında əməkdaşlığa misal olaraq kütləvi qırğın silahlarının yayılmaması, Kosovo, İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət edən silahlı qüvvələrin təmin edilməsi, Əfqanıstandakı qüvvələrin təchizatı üçün Azərbaycanın hava məkanından tranzit məqsədilə istifadə olunması, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunması, eləcə də İsrailin neft istehlakının təxminən 40 faizinin təchiz olunması kimi məsələlərə diqqət çəkib. Stiv Kohen Azərbaycanda yəhudi icmasının əmin-amanlıq şəraitində yaşadığını və Azərbaycanın İsraillə yüksək səviyyədə münasibətləri vurğulayıb. Kohen Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin önəmli olduğunu vurğulayıb.