YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı fotosərgi açılıb

Azərbaycanın Ankaradakı səfirliyinin və Türkiyə Böyük Millət Məclisinin (TBMM) birgə təşkilatçılığı ilə qardaş ölkənin parlamentində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fotosərgi açılıb.

Sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sərdi İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər şəxslər iştirak ediblər.

Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşətli insanlıq faciəsinin yaşandığını diqqətə çatdıran TBMM-in sədri İsmayıl Qəhrəman Xocalıda törədilən vəhşiliklərdən danışaraq deyib: “Ermənistanın beynəlxalq hüquqa zidd olaraq işğal altında saxladığı Dağlıq Qarabağın ayrılmaz hissəsi olan Xocalıda 26 il əvvəl vəhşiliklə törətdiyi qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq”. O, bu soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməli olduqlarını vurğulayaraq bildirib ki, biz qətliam (qondarma “erməni soyqırımı”) törədən deyilik. Tariximizdə soyqırımı, irqçilik, qətliam törətmək yoxdur.

“Tarixi araşdırmaqdan çəkinənlər öz əməllərinə və tarixlərinə baxmadıqları üçün qondarma “soyqırımı”ndan danışmaqda davam edirlər”, - deyən Türkiyə parlamentinin sədri qeyd edib ki, biz hara getmişiksə sülh və dostluq aparmışıq. Ona görə də dünyanın əksər ölkələrində hörmət və ehtiramla qarşılanırıq. “Biz Azərbaycanlı qardaşlarımızla həmrəyik. Bir millət, iki dövlət olaraq həmişə bir-birimizin yanındayıq. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla işğal altında saxladığı Azərbaycan torpaqlarından dərhal çəkilməli və törətdiyi zülmün hesabını verməlidir. Türkiyə parlamentində bu sərgini açmaqda məqsədimiz ortaq acı və duyğularımızı bölüşməkdir”, - deyə İsmayıl Qəhrəman vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim sərginin təşkilinə, ümumiyyətlə, ölkəmizə göstərdiyi hərtərəfli dəstəyə və həmrəyliyə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması işində fəallığına görə Türkiyə dövlətinə, hökumətinə, parlamentinə və xalqına minnətdarlığını ifadə edib. Diplomat əminliklə bildirib ki, ölkələrimiz arasında tarixin sınağından üzüağ çıxan qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək.

Xocalı soyqırımının dəhşətlərindən danışan Səməd Seyidov diqqətə çatdırıb ki, bütün dünyadan “Xocalıya ədalət!” tələb edirik. Bütün şəhidlərimizə, o cümlədən Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatlarında şəhid olan türkiyəli əsgərlərə Allahdan rəhmət diləyən Səməd Seyidov deyib ki, Türkiyə bu əməliyyatlarla öz gücünü terrorçulara göstərdi.

Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu deyən Necdet Unüvar bildirib ki, bəşəriyyət belə bir qətliamı yaşamamaq üçün ona lazımi qiymət verməlidir.

Tədbirdə digər çıxış edənlər erməni cəlladlarının vəhşiliklə qətlə yetirdikləri günahsız insanlara, o cümlədən tarixin bütün dövrlərində şəhadətə yüksələn soydaşlarımıza Allahdan rəhmət, xalqlarımıza səbr və mətinlik diləyiblər.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı da fevralın 27-də parlamentin qrup iclaslarında Xocalı soyqırımını şiddətlə qınayıblar.