YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Sentyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHTDDŞ) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimini giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı prosesində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

Nazirliyin fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlığa toxunan S.Müslümov əlilliyi olan şəxslərlə və sosial xidmətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın rolunu qeyd edib. Diqqətə çatdırıb ki, bu gün ƏƏSMN sosial xidmətlər üzrə 20-dən çox ixtisaslaşmış QHT ilə əməkdaşlıq həyata keçirir və nazirliyin sifarişi əsasında onlar tərəfindən çoxsaylı layihələr icra edilir. Bu layihələr çərçivəsində ölkənin ayrı-ayrı bölgələri üzrə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud uşağa və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsə müxtəlif növ sosial xidmətlər, həmçinin reabilitasiya dəstəyi göstərilir.

Nazir bildirib ki, üçillik müddət üçün imzalanan memorandum ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əhalinin, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi ilə bağlı proqram və layihələrin hazırlanması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması sahələrində gələcək əməkdaşlıq niyyətlərini ifadə edir.

S.Müslümov memoranduma əsasən, nazirlikdə yaradılacaq İctimai Şuranın formalaşmasına və fəaliyyətinə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək veriləcəyini də qeyd edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-də şəffaflıq əmsalının son vaxtlarda xeyli yüksəlməsindən, həmçinin nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda fəal mövqe nümayiş etdirməsindən söz açıb. O, bu memorandumun dövlət qurumları ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlığa dair imzalanan ilk sənəd olduğunu və bunun qeyd olunan sahədə işlərin daha geniş müstəvidə davam etməsinə imkan yaradacağını diqqətə çatdırıb. A.Quliyev bildirib ki, hər iki qurum birgə əməkdaşlıq planının işlənib hazırlanması yolu ilə vətəndaş cəmiyyəti institutlarının davamlı inkişafına yardım göstərəcək. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsində belə səmərəli əməkdaşlıq əlaqələri mühüm rol oynayır.

Sonra S.Müslümov və A.Quliyev iki qurum arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

 

DİGƏR Xəbərlər Arxiv